Ay  Bəniz Əliyar -  Nə qədər ovsun var oxu bu gecə...

Ədəbiyyat 11:55 / 02.09.2026 Baxış sayı: 759

Nə qədər ovsun var oxu bu gecə,

Üflə yer üzünə, üflə, beləcə...

Bəlkə, göy üzündən yerə nur yağar,

Bəlkə, insaf adlı mələklər doğar.

Yer üzü südəmər körpədir hələ,

Sənin sevgin ilə gələr əmələ.

Öp, oxşa, "balamsan", denən, "ağlama",

Tanrım, qucağını bağlı saxlama.

Göydən od tökülür boş ovuclara,

Çalış ki, sağalsın bu körpə yara.

"Daha böyümüşəm" desə inanma,

Ərköyünlüyünə məchul dayanma.

Hələ sözə baxır, tut bir qolundan,

Nə qədər körpədir qaytar yolundan.

Yenidən öyüd ver, ağıl ver, dərs ver,

Tanrım, gəl bu dəfə səsimə səs ver.

Yenə küləkləyir türbət havası,

Keşkə bitə bilsə yer-göy davası...

(Oyuncaq olmasaq məzhəbə, dinə,

Bitər, iş də qalmaz bu dəfə Sənə...)

Nola, bu minvalla gedənlər dönə,

İtənlər tapıla,

Bir də itməyə,

bir də getməyə...

Üç gündür Şabranda yaman külək var,

Nənələr deyir ki, türbət asıblar...

Bunun nəyi yaxşı, harası yaxşı?

Torpağı asıblar küləyə qarşı.

Toz-torpaq qarışıb küləyə bu gün,

Cırır yaxasını yer ilə göyün..