Xanım İsmayılqızı: - Bu yana...

Ədəbiyyat 12:25 / 07.04.2025 Baxış sayı: 1013

Böyüyən ruh kimi bədənə sığmasam,

Hissimdəm daşanı içimə yığmasam,

Heç nə olan deyil, özümdən çıxmasam,

Bir addım o yana, bir addım bu yana.

 

Həyatla ölümün arası bir qarış,

Ya bu dünyadan küs, ya həyatla barış,

Tarazlığı saxla, dayanmağa çalış,

Bir addım o yana, bir addım bu yana.

 

Bükülən qəlbimin içində bağlama,

Açma, sirrli qalsın, çalış ki, yoxlama,

Gedən hər bir anı özündə saxlama,

Bir addım o yana, bir addım bu yana.

 

Dualar nəfəsdi, həyata üz verər,

Qaranlıq içində Tanrımız göz verər,

Bir işıq seli var, yolunu düz verər,

Bir addım o yana, bir addım bu yana.

 

Bədənim bir dünya, gözlərim şəhərim,

Duyğular çılğın at, əlimdə yəhərim,

Ölsəm də, qalsam da açılır səhərim,

Bir addım o yana, bir addım bu yana.

 

Bu dünya tərəzi, adamlar da yükdü,

Yükün də yükü var, kiminki böyükdü?

Ləngər vura-vura dünya bizi çəkdi,

Bir addım o yana, bir addım bu yana.