ƏLLİ şeir - ŞAKİR XANHÜSEYN

Ədəbiyyat 09:21 / 11.04.2025 Baxış sayı: 872

 

əlimizi qaldırmalıyıq...

əlimizi qaldırmaq

atdığımız addımla uzlaşmalı, bağlaşmalı...

əlimizi bir az iti tutmalı

salama da,

yanımıza salmağa da...

əlimizin qalxmağı

fikrimizlə də

bir ritmdə,

bir tutumda olmalı...

əlimizi hər qaldıranda

düşüncəmizdəki qalxınmaya da

qapılar açılmalı...

hə, əlimizi ucada tutmalı, yüksəltməli,

nə isə bir iş gəlməli əlimizdən,

ya bəlkə çox iş görməkdəndi ki,

gözə görünən bir işimiz yox...

əlimizi qaldırmağı öyrənməli, əlimizi,

əlimizi də böyütməli,

əlimizi də yola salmalı, qarşılamalı,

və alqışlamalı-

bəzən əl çalmalı əllərimizə,

hə!..