Vahid Paşayev : - Yaşamaq çətinləşir 

YAZARLAR 15:59 / 05.01.2025 Baxış sayı: 735

...Kənddə doğulmuşam,kiçik,lakin mehriban,bir çətinliyə düşənin çağrışına qaça-qaça gələn, geniş ürəkli sakinləri ilə digərlərindən fərqlənən,seçilən bir kənddə.Kənd çörəyi ilə böyüyüb boya-başa çatmışam.Sevmişəm o kəndi,...və o kəndin əhd-peyman bağlayıb,ömürlərinin sonuna kimi birlikdə olacaqlarına and içənlərinin də şahidi olmuşam.

İlk dostlarımıda kənddə qazanmışam.O dostlardan itirdiklərim də olub,hazırda görüşüb hal-əhval tutduqlarım da var.

1960-cı illərin sonunda orta məktəbə əlvida deyib hər bir gənc kimi arzularımın ardınca görmədiyim,tanımadığım Bakı adlı şəhərə üz tutmuşam.O vaxta qədər ətraf rayon mərkəzlərindən qeyri bir şəhərdə olmadığımdan ilk baxışda Bakı mənə nağıllarda təsvir olunan gur işıqlı,geniş yol-yolağalı,çal-çağırlı,səliqəli bir yaşayış məntəqəsini xatırlatdı.Ağlımdan ilk keçən bu oldu ki,-"Biz,indiyə kimi yaşamamışıq,gün görməmişik,əsil yaşayış bu şəhərdə imiş ki!"

...o vaxtdan əlli ildən artıq bir vaxt keçib.Bu illərdə nələrin şahidi olmadıq,başımız nələr çəkmədi?O əlli ilin son otuz ilini məcburi köçkün kimi Bakıda məskunlaşıb yaşadıq,...və hazırda da bu şəhərdə ömür sürüb həyatımızı çürüdürük.Əvvəl gördüyüm Bakıdan əsər-əlamət qalmayan bu şəhər hazırda uşaqlığıma,gəncliyimə şahidlik edən kiçik kəndimizin həndəsi silsilə artımı ilə böyüdülmüş nəhəng formasını xatırladır,...ucu-bucağı görünməyən bir kəndi,nizam-intizamı pozulmuş,qayda-qanunu itmiş,küçələrinin hər döngəsində ardı görünməz olan avto tıxacları, avto qəzaları ilə gündəmdə olan bir kəndi.

Yorulmuşam,...kəndə,doğma kəndimə qayıtmaq istəyirəm.Kiçik,lakin sakitliyin hökm sürdüyü,qarşılıqlı hörmət-izzətin qorunub saxlandığı,minnətsiz salam verib,

salam alacağım halal çörəkli kəndimə...

 

                                                     05.01. 2023

P,S, 

...2 il bundan əvvəl Bakı şəhərində yaşamağın çətinliyi barədə paylaşdığım yazıdan sonrakı dövrdə bu şəhərdə ömür sürmək daha da çətinləşib.

Gündəlik fəaliyyətimizin hər anı qarşılaşdığımız neqativlər ömrümüzü yarpaq-yarpaq qısaldır!