Aida Adıgözəl : - Nə yaxşı unudub getmisən məni...
Nə yaxşı unudub getmisən məni,
nə yaxşı, çıxmışam yadından sənin.
Nə yaxşı, ayrılıq girdi araya,
nə yaxşı olanlar böyütdü məni.
İndi saat-saat sənsiz qocalıb,
indi həftə-həftə yaşa doluram,
indi hövsələm də, səbrim də artıb,
indi aram-aram adam oluram.
İndi anlayıram yetimliyimi,
indi anlayıram nəyimsən, kimsən.
İndi anlayıram süfrədə duzum,
indi anlayıram əziz tikəmsən.
Nə yaxşı sətirlər "poz məni"- desə
nə yaxşı, əllərim sözümdən çıxmır.
Nə yaxşı dodağım "unut" - söyləsə
nə yaxşı, ürəyim sözümə baxmır...