Kəmalə Abiyeva : - AYSELƏ

Ədəbiyyat 06:52 / 05.01.2025 Baxış sayı: 681

 

 

Həyatda ən güclü dayağım oldun,

Hər an tənhalıqdan qorudun məni.

Ay işığım oldun,çırağım oldun

Hər an qaranlıqdan qorudun məni.

 

Sığınıb səsinin əzizliyinə

Unutdum həyatda ağrı-acı var.

Sənin nəfəsinin təmizliyində

Unutdum yaşayır hələ nadanlar.

 

Demədim bu həyat yolunda hərdən,

Nadanlar külək tək toz qopararlar.

Sən öz qürurunla qaya kimisən,

Küləklər qayadan nə apararlar?

 

Ay boyuna qurban,bağışla məni,

Sənə namərdlərdən söhbət açmadım.

Gözəl duyğulara öyrətdim səni,

Yamandan, yalandan heç danışmadım.

 

Həyatın dolaşıq bu yollarında

Üz-üzə gəlirsən indi yalanla.

Yolunda hər şeyə hazır olsam da

Qoruya bilmirəm səni yalandan.

 

Indi eşitdiyin hər yalan sözün

Qəmli izi qalır gülüşlərində.

Sənin namərdlərə alışmır gözün

Nəmli bir iz qalır baxışlarında.

 

Sevincim yaşayır təbəssümündə

Üzündəki qəmə dözə bilmirəm.

Sən məni nə qədər güclü bilsən də

Gözündəki nəmə dözə bilmirəm.

 

Baxışına qurban,xain gözləri

Işığın həmişə kor edəcəkdir.

Mərdlərə arxalan, sən qoru xeyri,

Şəri həyat özü xar edəcəkdir.

 

Yersiz deyilən söz qırmasın səni,

Yerində olmayan adamlar kimi.

Saxta təbəssümlər yormasın səni,

Cavab tapmadığın suallar kimi.

 

Mənliyin həmişə özündən öndə

Sən onu geridə qoya bilmirsən.

Mənini hardasa itirənlər də

Səni heç bir zaman duya bilməzlər.

 

“Günəşi örtsə də qara buludlar”

Yenə də günəşin vecinə gəlməz.

Günəşdir yaradan o buludları

Yüz bulud bir günəş yarada bilməz.

 

Dibçəkgülü kimi bəslənənlərin,

Yeri dibçək boyda,ətri də yoxdur.

Tikanı olsa da qızılgüllərin,

Güllərin şahıdır,ətrindən yoxdur.

 

Aldanma çayların gözəlliyinə,

Çaylar hara gəldi axır hər zaman.

Həmişə bir yerdə qalsa da yenə,

Daha möhtəşəmdir,güclüdür ümman.

 

Bilirəm bu həyat çətindi,qızım,

Onun ağı da var,qarası da var.

Hərdənbir sevinci olduğu kimi,

Hədənbir ağrılı yarası da var.

 

Bir zərrə sevinci,səadəti də,

Öz zəhmətin ilə sən qazanmısan.

Ən təmiz,ən böyük məhəbbəti də

Elə zərrə-zərrə qazanır insan.

 

Özün qazandığın zərrə də olsa,

Unutma,həmişə,hər an sənindir.

Bu torpaq,kainat,bil ki,nə varsa,

Hamısı onsuz da zərrə-zərrədir.

 

Uca zirvələr də qar kimisən sən,

Nə gərək su kimi hər qaba dolmaq.

Yamacda əriyib palçıq olmaqdan

Yaxşıdır qar kimi zirvədə qalmaq.

 

Neçə hikmətimsən,həqiqətimsən,

Elə həqiqətə arxalan, qızım.

Sən mənim həyata məhəbbətimsən,

Elə məhəbbətə arxalan,qızım.

 

Bu həyat yolları olsa da çətin,

Unutma,dünyada yaxşılar da var.

Atalar demişkən,hara niyyətin,

Yolun səni elə ora aparar.

 

Paylaş