Islam Türkay : - SABAH NƏ DOĞACAQ HAMİLƏ DÜNYA

Ədəbiyyat 21:41 / 19.07.2025 Baxış sayı: 1576

 

Babam gileyləndi—yeyə bilmirəm,

Qursağım daralıb,mədəm daralıb.

Qürubda saralan Günəş kimiyəm,

Keçib ömrüm-günüm,vədəm daralıb.

 

O gecə yuxuda Babəki gördüm,

Dedi: –Dözəmmirəm,qəbrim daralıb.

Ayıldım,səs gəldi:-- " Ay arvad,kiri,

Allaha and olsun,səbrim daralıb !"

 

Çəkdi ətəyimdən oğlum: "atacan,

Burda yatammıram,yataq daralıb.

Keçən il aldığın köynək üzülüb,

Başıma qoduğum papaq daralıb."...

 

...Dolandı qəlbimdə min arzu-istək,--

Hardasan,ay bahar,bağlar saralıb?!

Baxdım ətrafıma,sıxıldı ürək,

Mənə elə gəldi köksüm daralıb.

 

...Körpəm yatağına sığışmır daha,

Başı papağına sığışmır daha!..

Hardasa Babəkin qəbri daralıb,

Qonşuda qonşunun səbri daralıb!..

 

Fikirlər,xəyallar apardı məni,

Ruhumdan,özümdən qopardı məni...

...Çox at oynadanı atından salıb,

Əzəldən keçsə də çox ələ, dünya.

Daha əynindəki köynək daralıb,

Kimə oxşayacaq,kimə çəkəcək

Sabah nə doğacaq hamilə dünya?!