Əlizadə Nuri : - MƏKTUB
Məktub
Sənin əllərinin qürbəti soyuq,
Hələ yaşayıram- bu, nə həvəsdi?
Əlinin istisi əlində qalsın
Mənə əllərinin kölgəsi bəsdi.
...Sənin əllərinə sarı gəlirəm
Bu yol əllərinə çatacaq haçan?
Daha bundan belə şeirlərimi
Sənin əllərinə pıçıldayacam...
Sənin əllərinin qürbəti soyuq,
Sənin əllərinin vətəni isti.
Sənə yetişməyə nə qalıbdı ki-
Beş-altı dağ qalıb, beş-on dənizdi...
Bütün dənizləri içib gələrəm,
İnamım-dağların sırası boyda.
Dünya nə boydaymış, indi bilmişəm-
Sənin əllərinin arası boyda...
...Sənin işığını tutub gəlirəm,
Nə səbrə vaxt qalıb, nə də durmağa.
Bir körpə göyərçin balasıyam mən-
Gəlirəm ovcunda yuva qurmağa...