Ələsgər ƏLİOĞLU : - O QIZA YAXIN GETMƏYİN...
(Sevgilisini döyüşlərdə itirən bir qız havalanmışdı...)
Siz Allah, o qıza durmayın yaxın,
Siz nə bir göz qoyun, nə də bir baxın...
Siz Allah qıraqdan hərlənib gəlin,
Bir az yavaş-yavaş yellənib gəlin...
O qızın
Gözündən bir Araz sellənib gəlir,
Özü də keçənmir o üz-bu üzə!..
Qalıb iki suyun arasında o...
Bəlkə ilk eşqini, ilk sevgisini,
Gizləyib gözünün qarasında o...
Siz Allah, o qıza getməyin yaxın,
Ruhu uçub daha,
Qalan bədəndir...
Ümidinin yeddi qatına baxın,
Tanrı dərgahında
Duran bəndədir...
Görmürsününz gözü göylə oynayır,
Durub ulduzları bir-bir sanayır;
Axtarır özünün bəxt ulduzunu,
Sanaya-sanaya yorur özünü...
Siz Allah o qıza yaxın getməyin,
Onun ürəyinə yenə xal düşər.
Siz Allah o qıza yaxın getməyin,
Gedin qisas üçün,
Gedin döyüşə!
Siz Allah, o qıza yaxın getməyin,
Qıymayın ürpənə, nə də diksinə...
Göylərə sarıdır o qızın yönü.
Onun ilk eşqinə, ilk sevgisinə,
Məlhəmdir
Gözlənən QƏLƏBƏ günü!..
Siz Allah, o qıza yaxın getməyin!..
2016