Ayaz Arabaçı DÜŞDÜ ( Qəzəl)

Çatdı ömrün payızı yadə duman,çən düşdü.
Gör gəlib harda mənə bilmədiyim fənn düşdü.
Həyatın qat-qarışıq sorğularından bezdim,
Elə tez qəlbimə xal,saçlarıma dən düşdü..
Tutdu top atəşinə hər dəfə mən dindikcə,
Gedib hicrin oduna yar bu səbəbdən düşdü.
Mən bu dünyadan əzəl haqqı tələb etmişdim,
Ola bilsin bu qədər qəm o tələbdən düşdü.
Başıma macəralar çox gəlib eyvah bu dəfə,
Fikrimin yolları səhrayə Hələbdən düşdü.
Axtarıb səhranı başdan-başa gəzdim bəlkə,
Çənəmin altına bir hinddən,ərəbdən düşdü...
Tapıb ol səhrada Məcnuna tanışlıq verdim,
Çəkdi bir ah ki,Məcnun adı dəbdən düşdü.
Çoxu istərdi edə eşqimi təsvir,fəqət,
Baxdı zor işdi və tez hər biri təbdən düşdü.
Dəyişik salmaq olar,nurumu Yusiflə mənim,
Bu ziya könlümə hey,qüdrəti-rəbbdən düşdü.
Qiyməti ver ədəb-ərkanə,o bir zinətdir
Bəlkə bir yerdə Ayaz,söhbət ədəbdən düşdü..