Arzu Əsəd : - Bu savadsız təməl zehniyyətlə

YAZARLAR 11:45 / 19.04.2025 Baxış sayı: 1112

Bu nə sirdirsə biz millət olaraq savadsız, biliksiz, nadan olmaqdan xoşlanır, bundan zövq alır, qürur duyuruq.

Dinimizin təməlində dayanan peyğəmbəri savadsız, hərf tanımayan - ümmə adlandırırıq, xalq ədəbiyyatımızın ən azman nümayəndəsini - Aşıq Ələsgəri hərf tanımayan, yazıb-oxumağı bilməyən bir şəxs kimi tanıdırıq, milli burjuamızın babası Hacı Zeynalabdın Tağıyev zır savadsız olub, həyətində neft çıxıb deyə taleyi üzünə gülüb milyoner olub. Fəxr edirik ki, maddiyyatımızın, mənəviyyatımızın, mədəniyyətimizin təməl daşları olan şəxslər hərf tanımayıblar. Bu savadsız təməl zehniyyətlə biz indi bu dövlətin həyətində yox, həyatında neft fontan vuran məmuruna necə başa salaq ki, onun beş günlük insan həyatının, fəaliyyəinin hədəf və mənası xalqa xidmət, sosial ədaləti bərpa etməkdir.

Bu savadsız təməl zehniyyətlə ağlı, biliyi ilə deyil, təsadüf, kirli əlaqələr vasitəsilə milyonerləşən, miyarderləşən çoban oliqarxlarımıza necə başa salaq ki, xüsusi mülkiyyət də öz vergisi, vəqfləri, sosial yönümlülüyü ilə, ağıllı , ədalətli istifadəsi ilə bu xalqa, bu dövlətə aiddir, "millət necə tarac olur-olsun", "qoy mən tox olum, özgələr ilə nədi karım" devizi ilə yalnız qırx gün qudurub yaşamaq olar, sonu özün üçün də, millət üçün də hüsran olar. Bu savadsız təməl zehniyyətlə biz necə təhsilimizi, səhiyyəmizi, hüququmuzu, mədəniyyətimizi, ictimai münasibətlərimizi inkişaf etmiş dünya standartları və humanizm əsasları üzərində quraq? Biz necə doğumumuzu, ölümümüzü, toyumuzu, yasımızı, kinomuzu, futbolumuzu, seçkimizi təşkil edək?

Ruhumuzda, zövqümüzdə, dünyagörüşümüzdə metastaz verən meyxanaya, bayağı musiqiyə, abırsız verilişlərə, tumançaq müğənnilərə, həyasız tiktokerlərə qarşı duraq? Bu savadsız təməl zehniyyətlə ... biz necə adam olaq, necə adam kimi yaşayaq?

Bəlkə nə qədər gec olsa da peyğəmbərli, aşıqlı, oliqarxlı, alimli, məmurlu, vətəndaşlı yenidən əlifbanı - hərfləri öyrənməyə başlayaq, təməlimizi yenidən qoyaq?