Aida Adıgözəlin  ŞEİRLƏRİ

Ədəbiyyat 09:41 / 19.07.2025 Baxış sayı: 6825

Sabah  , yəni 20 iyul  Dəyərli  şairəmiz Aida  xanımın   Günüdür! "Yenises.az"  Aida xanımı dükhjnyamıza  gəlişi   münasibətlə  təbrik edir!   Var  olun, SÖZÜMÜZÜN- ŞERİMİZİN  AİDASI!!!        

 

***

O qız bu baharda yenə gəlmişdi.

Əlində bənövşə, özü bənövşə...

Elə bil almaydı yarı bölünmüş,

o da boynu bükük rəngi göyərmiş,

bu da gözləri nəm, başı çiynində.

O da kövrəlmişdi üzüldüyünə,

bu da ağlayırdı üzüldüyünə...

 

O qız bu baharda yenə gəlmişdi.

Gəzirdi Bakının küçələrini,

öpüb oxşayırdı izləri qalmış

köhnə "Sovetski" səkilərini.

Odur həmin ağac... o park, o "zebra",

sakitcə baxırdı doktor Nəriman,

"Zebra"nın üstündə tozlu qəpiklər.

 

Gözündəki iri günəş gözlüyü,

əlindən yapışan dostu Vəsilə,

onu kor bilirdi keçən sürücülər.

Dodağın dişləyir gülməmək üçün...

O qız bu baharda yenə gəlmişdi.

İçindən keçirdi yenə qatarlar,

xatirə daşıyan trolleybuslar.

Ah Bakı, yenə sən, bomboz divarlar...

 

Bir kişi səsiydi yuxularında,

onu çağırırdı, "darıxmışam, gəl"...

Bir qız ağlayırdı ürəyində od,

Şüvəlan türməsi qapılarında!

O qız bu baharda yenə gəlmişdi.

 

Alnın ovuşdurub kədər içində

taleyin yazdığı bəxti pozurdu.

Hər gecə oturub xəyallarında

sözlərlə dərdləşib cümlələr seçib

taleyin yenidən, başqa yazırdı...

O qız bu baharda yenə gəlmişdi...

 

 

***

Səndən sonra

Səndən sonra qalxmaq da var,

könlümdəki məzarlıqdan boylanmaq

ayrılığa acıq vermək...

Yaşamaqmı?!

Ölmək də var, ölmək də.

Səndən sonra bu dünyaya oyanmaq var,

içimdəki qaranlıqdan...

Bu ömürün saatını

gecəsinə gündüzünə

bölmək də var, bölmək də.

Səndən sonra toparlanıb durmaq da var,

ağrıların qabağında

suallara cavab tapmaq...

Dəli kimi, acı-acı

gülmək də var, gülmək də...

Səndən sonra yaşamağı öyrənmək var,

bu ömürün sükanını ələ alıb

işıqforsuz, əyləcsiz də

çıxıb getmək, qəzalara

sürmək də var, sürmək də.

Səndən sonra misralarla danışmaq var,

sözlər yatmır şeirlərə...

Səndən sonra səni dostum,

nə zülümlə ürəyimdən

silmək də var, silmək də...

             ***

Mən səni də unuda bilərdim,

rahatlıqla,

ilbiz qabığını

ilan dərisini unutduğu kimi...

Bir azca göynəyəcəkdi ürəyim,

şorabaya qoyulmuş tərəvəzlərin rəngi kimi

saralıb bürüşücəkdim yavaş-yavaş.

Nə olsun,

ölməyəcəkdim ki?!

İki daşın arasında vaxt tapıb

başqasına da vurulacaqdım bəlkə,

bütün qaramətdək qızların dərdi eyni olur,

sevilməmək!

Başqa qadınlar kimi düşmən olmayacaqdım sənə,

hər gecə qarğış töküb,

ölüm arzulayıb,

falçılar yanına qaçıb

cadular etdirməyəcəkdim, inan...

Uzağı içimdə tonqal qalayıb özümü yandıracaqdım,

üşüməyəsən deyə xatirələrin buzlağında.

Ya da,

ya da...

Eh, boş ver,

bir qumrunun ölməyi nədir ki,

murad üstündə yuvasında.

Çöldəki ac pişiklərin xoşbəxtliyinə səbəb olacaqsa...

Hələlik,

özümə çay-konfet almağa gedirəm,

ac-susuz qalmayacam ki otel otağında.

Televizorla qucaqlaşıb yatmaqdan başqa çarəm nə?

Səhərin açılmasını gözləyirəm,

bütün saatlar məni,

əqrəblərsə səni göstərir...

***

Çıx ta, könlümün adamı,

çıx bu saraydan, istəməz.

Tanrısına təpik atan,

bu lütf, bu paydan, istəməz.

 

Yaz yürüdümsə yollarda,

başım qalda, könlüm darda.

Qış, onda hardaydın, harda?!

Sel suyu çaydan istəməz!

 

Sən sevəni vəba tutsun,

şahlığı başına uçsun.

Unutsun, səni unutsun,

azalsın saydan, istəməz.

 

Keçər ağrı, can sağalar,

yaradan tək izi qalar.

Bir gün ürək verər qərar,

möhür, - bu aydan istəməz.

 

Qayıt ruh sərgəştəliyim,

ayıl, könül sərməstliyim.

Keçsin Leyla xəstəliyim,

qəlb bu haraydan istəməz.

 

***

Əvvəlcə vergüllərlə başladı hər  şey,

sonra suallar...

Həddindən artıq çox idi,

ard-arda dayanmadan sıralanırdı.

Bir gün nidaların zamanı gəldi,

yazılırdı,

pozulurdu,

qaralanırdı.

Payızın ilk günüydü,

anladım ki,

mən nöqtələri çoxdan sevirmişəm...

Belə ki,

gözlərimi bir nöqtəyə dikib

susduğum zamandan

başlayıbmış nöqtəylə sevgimiz.

və bir gün

nöqtəni qoydum,

sevdiyim nə varsa,

hamısına,

hər şeyə...

 

 

 

 

 

Adı və dadı olmayan şeir

 

Ölməyə nə var ki, gözünü yum, get...

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da...

 

Sonrasın düşünmə geyimlərinin,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin!

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa...

 

Bir göz qırpımında yaşandı, bitdi,

seyr etdin illərə sığışmağını...

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını?!

 

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə...yadlara düşsə,

bir də arxivlərə atılmış kimlik...

 

 

Zamanla sovrulanlar

 

Nə zamanı dayandırmaq istəyirəm,

nə əqrəbi geri çevirmək,

nə də irəli çəkmək...

Gəmi kayutuna bənzəyən,

kiçik pəncərəli

yarım qaranlıq otaqdan görünən

yamyaşıl ağacların,

tikilən hündür mərtəbəli binaların

            fonunda qarışqa kimi işləyən,

torpağın ciyərini söküb çıxaran fəhlələrin

və texnikanın hay - həşirində

yeni bir baharın səsi duyulur quşların civiltisində.

Nə olsun ki,

kükrəmiş dənizin üstündə uçan bir cüt

 qağayının hıçqırığına uğunub gedir dalğalar?!

Dəniz məhv etməyə,

qağayı isə yazda bala çıxarmağa öyrəşib...

Hüzur haradadır desəm,

hüzur hardaymış desən,

bir itin başını sığallayıb ona yemək verməyin,

ölməkdə olan ac pişiyə

bir tikə çörək atmağın həzzindəymiş, bil!

Zamanında çox şeyləri sevdim,

indi isə zamanı sevirəm!

Hər şeyi unutdurur deyə!.