Adilə Nəzər : - SƏNİ GÖRMÜR

Ədəbiyyat 13:21 / 14.04.2025 Baxış sayı: 953

 

Alnına yazılıb bəxtin, taleyin,

Göz səni oxumur, qaş səni görmür.

Uzağa boylanır yapalaq kimi -

Gözünün önündə çaş səni görmür.

 

Kağızlar qələmdən sinədağlıdır…

Tək “Quran” Allaha etibarlıdır…

Şükr elə ki, qapın çöldən bağlıdır...

Pəncərədən gələn daş səni görmür.

 

Canım, nə yaşadın səbəbi bəlli,

Qəlbini ovudur hüzur, - təsəlli,

Sonu bir məkandır ya yüz, ya əlli,

“Bəlkə” görsə belə, “kaş” səni görmür.

Yaş gəlir yaşının üstünü bəzər ,

Çatdın əlli beşə, dəyməsin nəzər.

Sən ona sevin ki, Adilə Nəzər,

Sən yaşı görürsən, yaş səni görmür.

14.04.2025