Adil Şirin : -  Başlandı dağların yaşıl toyları

Ədəbiyyat 09:00 / 20.03.2025 Baxış sayı: 747

Başlandı dağların yaşıl toyları,

Yağış yarpaqların noğul payları.

Saz kimi köksümə sıxdım çayları,

Bəlkə ürəyimin yanğısı sönə,

Təbiət bahara qovuşur yenə.

Adama gəl deyir bəndlər, bərələr,

Gözəldir qəlb açan bu mənzərələr.

Yenə göz oxşayır dərin dərələr,

Zirvələr bürünür dumana, çənə,

Təbiət bahara qovuşur yenə.

Günəş ləpələrdə xalı toxuyur,

Şehli biçənəklər ətir qoxuyur.

Arı gül-çiçəyə şeir oxuyur,

Könlüm heyran qalır bu gözəl günə,

Təbiət bahara qovuşur yenə.

Titrədir otları sübhün yelləri,

Şəfəq sığallayır zərif gülləri.

Dayanıb seyr elə coşan selləri,

Dağlar vüqarından pay versin sənə,

Təbiət bahara qovuşur yenə...