Muğam ləhcəli xanəndə
jpeg-1669971262jpeg-1738086823jpeg-1744014004.jpeg)
Ağcabədililər haqlı olaraq bu torpaqda dünyaya göz açmış dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, Dövlət himnimizin musiqi müəllifi, görkəmli publisist, musiqişünas – alim, maarifçi ziyalı, akademik Üzeyir Əbülhüseyn oğlu Hacıbəyli (1885-1948), xalq artisti, görkəmli muğam ustası Yaqub Məmməd oğlu Məmmədovla, görkəmli xanəndə Zülfi Səməd oğlu Adıgözəlovla (1898-1963), muğam ustası, məşhur xanəndə Mütəllim Kərbalayı Əkbər oğlu Mütəllimovla (1909-1981), tanınmış müğənni Sahibə Əliqulu qızı Əhmədova ilə (1956) və bir çox başqa sətənkarlarla fəxr edirlər.
...Musiqi düşünən beynin, döyünən qəlbin harayı, müqəddəs ruhun səsidir. Hələ neçə əsr bundan əvvəl böyük filosof-alım İbn Sina yazırdı:”Musiqi insan bədəninin bir hissəsidir. Elə bir hissəsidir ki, ürəkdən sinəyə axıb insanı vəcdə gətirir, ruhlandırır, düşündürür”.
Bu doğrudan da belədir. Axı həzin, istedadlı musiqinin, usta ifanın bizləri hara apardığını hamı bilir. Həqiqətən belə musiqiyə qulaq asanda ovqatında bir gümrahlıq, coşqu, yeni ruh və düşüncə sənə hakim kəsilir, (hərdən tərki dünya da olursan) həyata, yaşama tam başqa gözlə baxırsan. Peşəkar musiqi və ifanı dinləyəndə istər-istəməz səndə yaşamaq eşqi artır, ruhuna sərin bir məlhəm çəkilir.
Daşı da, kəsəyi də, meşələri, dağları, çayları musiqi ilə nəfəs, ruh olan əsrarəngiz Qarabağımızın bərəkətli torpağında, musiqiçilər Vətəni olan Ağcabədinin Qaraxanlı kəndində 1950-ci ildə dünyaya göz açan el sənətkarı, tanınmış xanəndə Rasim Ləhcəli 1968-ci ildə Politexnik Texnikumuna daxil olmuşdur. Hələ burada oxuyarkən musiqiylə təmasda olub, özünü bir an belə ecazkar milli musiqidən kənar qoymayıb. Öz fəaliyyət kollektivinin fəal üzvü olub. Burada kollektivin bədii rəhbəri Nəriman Əliyevin rəhbərliyi altında Rasim 2 il 6 ay musiqiylə yaxın ünsiyyətdə olub.
Rasim Ləhcəli ilə kəndlərinin yaxınlığında, təbiətin qoynunda görüşdük. Bu musiqi ilə nəfəs alan xanəndə əsl sinədəftərdir. Görüşüb, salamlaşandan sonra Rasim kişi həmişəki kimi, daşıb coşdu. Şeirdən, qəzəldən o qədər ürəkdə danışdı, elə muğam oxudu ki, gəl görəsən. Sevinirsən ki, belə gözəl sənətçi ilə bir zamanda, məkanda yaşayırsan...
Rasimin zəngulələri o qədər içdən gəlir, təbii və dərindir ki, bu yaşda belə bir zil səsin olması adamı heyran qoyur.
Xanəndəlik sənətində zəngulə vurmaq ən ümdə şərtlərdən biridir. Elə muğam yoxdur ki, orada zəngulə olmasın. Əlbəttə, zəngulələr standart, eyni biçimdə olmur, onlar hər muğamın xarakterik xüsusiyyətlərinə uyğun olaraq vurulur. Zəngulənin vurulmasında bir çox amillər xanəndənin iç və səs dünyasından asılıdır. Xanəndə Tanrı vergisi olan səslə, ürəklə, şövqlə, öz şirin və məlahətli səs ilə vurursa, bu zaman dinləyici estetik zövq alır, sözün həqiqi mənasında feyziyab olur.
Texnikumu bitirən Rasim Ləhcəli doğma Ağcabədiyə qayıdır, uzun müddət rayonun Kəhrizli kəndində yeddiillik uşaq musiqi məktəbində səs müəllimi işləyir. Yaşının 75 olmasına baxmayaraq Rasim Ləhcəli bu gün də gənc cağlarında olduğu kimi gur, zil səsi ilə oxuyur. Ömründən keçən illər onun təravərli, məlhəmli səsinə heç bir təsir göstərə bilməyib. Elə həmin səslə Rasim kişi bu gün də oxuyur, pərəstişkarlarına muğam, musiqi zövqü bəxş edir.
Rasim müəllimdən təxəllüsünün məhz niyə Ləhcəli olduğunu bilsəm də, yenə soruşdum. Cavabı belə oldu:
-60-ci illərin sonralarında ilk dəfə Asəf Zeynallı adına musiqi məktəbinə gedirdim. Məktəbə daxil olanda ilk öncə görkəmli xanəndə, ustad Seyid Şuşinski və Nəriman Əliyevlə rastlaşdım. Nəriman müəllim bir şey oxumağımı xahiş etdi. O vaxtlar Müəllim Mütəllimovun “Mirzə Hüseyn” segahı dəbdə idi. Mən bu dəstgahı oxudum. Gördüm ki, oxumağım onların xoşuna gəlir, bir-birinə him edirlər. Onların arasında ucaboy, başında buxara papaq, əlində qəlyan olan zəhmli bir kişi vardı. Düzü, mən bu adamı ilk dəfə üzbəsurat görürdüm, ancaq səsini dəfələrlə dinləmişdim. Bu insan hamının sevə-sevə qulaq asdığı Xan Şuşinski idi. Oxumağım Xan əminin çox xoşuna gəlmişdi. Odur ki, mənə Ləhcəli təxəllüsünü verdi...
Rasim Ləhcəli ürəkdən sevgiyi, sənətlərinə böyük hörmətlə yanaşdığı Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Segah İslam, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov və Yaqub Məmmədovun adlarını dərin ehtiramla çəkir, onların ifalarından bəhrələndiyini bildirir. Bu xanəndələr həqiqətən də muğam dünyamıza adlarını qızıl hərflərlə yazıblar. Onların muğam yaradıcılığı bu gün də çoxlarımıza örkək olaraq qalır.
Muğam haqqında Rasim Ləhcəli bildirdi ki, İmam Əlinin bir kəlamı var: “Qurani Kərimi avazla oxumaq yaxşıdır”. Rasim müəllim muğamlarımızı Allah-Taala tərəfindən xalqımıza bəxş edilən müqəddəs və toxunulmaz bir varlıq kimi qəbul edir. O, deyir ki, Tanrı bir millət kimi, bizi hamıdan çox sevir. Odur ki, bizə muğamı əta edir.
Rasim oxuyur... Ürəklərə toxunur. Qarabağımız musiqidən ruh aldığı kimi, Rasim də qanı, canı, ruhu ilə oxuyur. Yüz illərdən bəri xalqımıza mənsub olan kədərli, qəmli, dərdli ağrılı-acılı, sevincli, xoş ovqatlı muğam oxuyur. Rasimin məlhəm səsi lap gənc yaşlarında olduğu kimi, yenə gur, zildən, ucadan gəlir. Onun “Segah”ını dinləyəndə tərki dünya olursan, dərdin içində yanır, qovrulursan. Bir Qarabağlı xanəndə kimi keşməkeşli taleyi olan bu torpağın oğlu Rasim “Segah”dakı çırpıntılı nisgil dinləyicilərə sirayət edir.
İncəliklə, məlahətlə, ürəkdən oxuyur Rasim. Səsi ürəyinin başındın asılı qalan sanki bir sarı simdir. Onu dinlədikcə onunla birlikdə sən də alovlanır, yanır, çırpınırsan. Axı sən də bu torpağın musiqisevər oğlusan...
Rasim oxuyur. Gözəl, şirin qarabağı səsi ilə sehrçini xoş inamlı gələcəyə səsləyir. O, qəlbində adına Vətən dediyimiz bu Torpağı sevməyə, öpüb gözümüzün üstünə qoymağa səsləyir.
Rasim oxuyur... Muğam xırdalıqlarını, ayaq verməyi, keçidləri o qədər ustalıqla həyata keçirir ki, onun ustad səsindən zövq alırsan. O, muğam pillələrini elə ustalıqla çıxıb-düşür ki, ona heyran kəsilməmək olmur. Onun səsində ecazkar bir cazibə qüvvəsi var. Çəkir, qoynuna alır səni. Onu bizə sevdirən çox-çox məlahətli, qəlbə yatımı ilə bütün istiqamətləri ram etmək bacarığıdır. Onu dinləyəndə uzun-uzadı bihuş olursan. Sevinirsən, nə yaxşı ki, möhtəşəm muğamımız var. Nə yaxşı ki, Rasim Ləhcəli var.
Rasim Ləhcəlinin oğlu Anar Rasim oğlu da xanəndədir. Atasının muğamda yolunu davam etdirir. Çox məlahətli, sanballı, yatımlı səsi var. Xanəndəlik edən Anar, eyni zamanda artıq 10 ildir ki, Quzanlı Musiqi Məktəbində səs müəllimi kimi çalışır.
... Rasim Ləhcəliyə yenə qulaq asdım. Yox, təkcə qulaq yox, üəriyimi, ruhumu bu səsin qoynundan asdım. Dirçəldim, böyüdüm Möhtəşəm muğamımız kimi. Ayrılarkən öz ifası ilə ürəkləri fəth edən xanəndə Rasim Ləhcəlinin öz qəzəlindən bir beyti pıçıldadım:
Analar lay-lay deyəndə laylayı muğamdan alır,
Möcüzədir, hər qalanın gör nə gözəl hikməti var...
Adil Misirli,
Qarabağ üzrə bölgə müxbiri.
jpg-1744013868.jpg)
jpg-1744013933.jpg)