Meyxoş  Abdullah : - Çəki daşı...

YAZARLAR 11:49 / 07.04.2025 Baxış sayı: 6960

 

                                               (hekayə)

... O, atamın anası idi. Onu hamımız “nənə” - deyə çağırırdıq. Böyüyüb, ağlımız kəsənə qədər onun adının nə olduğunu bilməmişdik. Elə zənn edirdik ki, onun adı elə əzəl gündən Nənədir. Evdə təkcə atam ona “bacı” deyirdı. Atamızın ona niyə görə bacı dediyini hələ indinin özündə də anlaya bilməmişəm.

Ona nənə dediyimizə görə öz anamızı adıyla çağırırdıq. Anamız isə bundan bərk hirslənər: - “Heç olmasa, həyət-bacaya adam gələndə məni adımla çağırmayın, ay sizin boynunuz sınmasın!” - deyə bizi danlayardı.

Lap böyük olana qədər elə bilirdik ki, bizi dünyaya qoca nənəmiz gətiribdir. Öz anamıza o qədər də qanımız qaynamazdı. Çünki anamız bizi, həm danlayar, həm də çox vaxt iş-güc görəndə öz-özünə deyinərdi. Biz uşaq idik, qılığı, üzümüzə xoş baxıb bizi tərifləyən adamı daha çox istəyirdik. Ona görə də, bir dərd-sərimiz olanda sözümüzü nənəmizə deyirdik. Anamızı da çox istəyirdik, amma nənəmiz qədər yox, nənəmiz bizim üçün çox şirin idi.

Biz sonralar öyrəndik ki, nənəmizin adı Ağca imiş. Qonum-qonşu, qohum-əqraba ona “Ağca nənə” deyirdilər. Kənddə hamıdan yaşlı idi. Onun yaşıdları çoxdan dünyasını dəyişmişdilər.

Nənəmiz görünüşcə çox göyçək arvad idi, üz-gözündən nur tökülürdü. Allah onu, elə bil xoş gündə, xoş saatda yaratmışdı. Ağ, bir azca uzunsov sifəti, nazik qaşları onu elə gözəl göstərirdi ki... Geyim-kecimi nimdaş olsa da, həmişə tərtəmiz olardı. Paltarlarının cırıq-sökük yerlərini elə səliqə ilə tikib, yamayardı ki, vurulmuş yamaq həmin paltara, sanki bir az da yaraşıq verirdi. Üst-başından həmişə gülab iysi gəlırdi. Başımızı onun dizinin üstə qoyub mürgüləyəndə, hardasa güllü-çiçəkli sehirli bir aləmə düşmüş kimi özümüzü hiss edirdik.

Üstü xırda, güllü köynəyinin yaxası boğazınacan düyməli olardı. Yayın, lap cırramasında belə yaxasının düymələrindən heç bircəciyini də açmazdı. Adam ona baxanda darıxardı, elə bilərdik ki, o güclə nəfəs alır. Uzun, taxtalı tumanı ayağının altında yerlə sürünərdi. İş görən zaman isə, tumanının ətəyini dürgələyib qurşağına elə keçirərdi ki, elə bilərdin əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni haqlasa da, çox gözəl qədd-qaməti vardı. Ayda bir dəfə saçlarına xına qoyduğundan, çox da uzun olmayan seyrək saçları qıpqırmızı rəngdə olardı. Saçlarının qırmızılığı ağ, nazik sifətinə elə yaraşıq verirdi ki...

Həmişə qəmli görünərdi, onun gülməyini heç xatırlamıram. Həyət-bacada dolananda, iş-güc görəndə də fikirli olurdu. Elə bil, dünyanın bütün dərd-sərini nənəmiz çəkirdi. Bəzən dəqiqələrlə gözlərini bir nöqtəyə dikib, elə fikirə gedərdi ki, elə bil, içi qızıl dolu gəmiləri dəryada qərq olubdu. Fikirdən ayılanda da, dərindən elə köks ötürərdi ki, arvadın quru sinəsi az qalırdı qalxıb çənəsinə dəysin.

Az-az hirslənərdi. Onda da ev adamlarından hansısa qəbahətli bir iş tutanda. Yazıq arvad hirsini həmin adama deyil, öz üstünə tökərdi. Görərdin, həmin günü çörək yeməzdi. O çörək yeməyəndə də, elə bilərdik, bu dəqiqə dünya tar-mar olub dağılacaqdır. Biz uşaqlar hərəmiz evin bir küncünə çəkilər və xısın-xısın ağlayardıq. Bu halmıza dözməyib süfrəni salar, bizim yeməyimizi qablara çəkib: - Siz gəlin çörəyinizi yeyin, mən də bir azdan yeyəcəyəm! - deyərdi.

Onun bu sözlərindən sonra başımızı aşağa salıb, xımır-xımır yeməyimizi yeyərdik. Amma sonradan baxıb görərdik ki, nənəmizin özünə çəkdiyi yemək süfrənin bir qırağında qalıb, soyuyubdur.

Gözütox arvad idi. Heç bircə dəfə də görmədik ki, özü üçün ürəyi istəyən bir yeməyi bişirib yesin. Həmişə özünə hamıdan az yemək çəkərdi. Amma elə şirin-şirin yeyirdi ki, adam ona baxanda yenidən iştahı açılardı. Yemək üstünə gələn qonum-qonşuya, uşaq-muşağa həmişə öz yeməyindən pay verərdi və məcbur edərdi ki, o verilən yeməyi mütləq yesin.

Uşaq vaxtlarımız idi. Evimiz yol qırağında olduğuna görə, hər an çağırılmamış bir qonaq peyda olardı. Bir gün də belə vaxtların birində, günorta vaxtı yemək yeyirdik. Hamı yeməyini yeyib qurtarsa da, mən qabımda olan bir tikə ətlə mıcıllanırdım. Əti gah o tərəfə, gah da bu tərəfə aşıraraq onu iştahla yeməyə hazırlaşırdım. Elə bu vaxt bizim evdən evləri bir-iki ev o yana olan Zəri arvad qapını açıb evə girdi. Onun belində bir kötməcə qız uşağı da vardı. Zəri arvad uşağı yun şalla möhkəm-möhkəm belinə sarınmışdı.

Arvad evə girən kimi uşağı belindən açıb yerə qoydu. Uşaq yerə qoyulan kimi iməkləyə-iməkləyə mənim qabıma tərəf cumdu. Mən qabı ikiəlli qamarlayıb, dirsəyimlə uşağı kənara itələdim. Uşaq çox sırtıq uşaq idi. Məndən əl çəkməyərək paltarımdan yapışıb ayaq üstə durdu və yenə də qaba tərəf əl uzatdı.

Bu vaxt nənəm yaxınlaşıb qabdakı o bir tikə əti götürüb uşağın əlinə verdi. Qarınqulu uşaq əti göydəcə qamarlayıb ağzına basdı və başladı yeməyə.

Elə bil bədənimdən qoparılmış ətimi yeyirdi o uşaq. Bərkdən hönkürdüm. Elə hönkürdüm ki, səsimə evdəkilərin hamısı diksindi.

Nənəm gəlib ehmalca mənim qolumdan yapışdı və dartıb evdən bayıra çıxartdı. – Sənə neçə dəfə demişəm ki, qabağına zəhrimar yemək gəldi tez ye, yoxsa qonun-qonşu uşağı gəlib yeyər. Demişəm, ya yox? – deyə arvad, qolumdan burma bir çimdik götürdü. Sonra: - Bax, canın da var, indi ye azarımı... – deyərək, məni bayırda qoyub evə girdi.

O hadisənin üstündən gör neçə illər keçibdir, mən indinin özündə də, istər məclislərdə olsun, istərsə də evdə, hamıdan qabaq yeməyimi yeyib qurtarıram. Nənəm mənə elə bir dərs verib ki, heç xatirimdən çıxara bilmirəm.

Nənəm aclıq illərini gördüyünə görə, çörəyin necə böyük və əvəzolunmaz bir nemət olduğunu bilirdi. Həmişə də deyərdi: - “Allah sizə o günləri göstərməsin. Adamlar az qalırdılar ki, bir-birlərinin ətini yesinlər. Tərə-mərə yeməkdən adamın içi də üzülmüşdü, yeriməyə taqətimiz olmazdı” - deyirdi.

Biz uşaq idik, aclıq illərini görməmişdik. Ona görə də, onun nə dediyini qədərincə anlaya bilmirdik. Bizə elə gəlirdi ki, nənəmiz bizə nağıl danışır.

Sakitliyi çox sevirdi. Qonum-qonşu bir dəfə də olsun onun ucadan danışdığını eşitməmişdi. O, az danışardı. Bir söz deyəndə də, adamı yanına çağırar, əlini ehmalca onun çiyninə qoyaraq, az qala qulağına pıçıldayırmış kimi sözü deyərdi. Onun sözləri o qədər sehirlydi ki, elə bil, nənəm adamın qulağına dua oxuyurdu.

Anam bizi danlayıb, dansayanda nənəmiz harayımıza yetər və əlini ağzının üstə qoyub: - Ay bala, səsin özüvə xoş gəlməsin. Bir az yavaş danış, yoldan ötən olar! - deyərdi. Onun bu sözlərindən sonra evdə sakitlik yaranardı.

Çox təmizkar arvad idi, stəkan, nəlbəkini, qab-qacağı ocaqdan götürdüyü küllə, o qədər sürtüb, təmizləyirdi ki, qab-qacaq onun əlində par-par parıldayardı. İllah ki, stəkanları yuyanda. Qəribə stəkan yumağı vardı onun. Barmaqlarının qoşalaşdırıb stəkanın içinə salar və onu sağa-sola fırladardı. Tərtəmiz yuyulmuş stəkan, onun əlində elə xartıldayırdı ki, sanki kim isə rəndə ilə, elə bil taxta yonurdu. O səs hələ indinin özündə də qulaqlarımdan getməyibdir. Səliqə-səhmana o qədər fikir verən idi ki, hətta, həyətdəki itin yalağını da sürtüb, təmizləməmiş ora yeməkdən, yaldan tökməzdi.

İki otaqlı, bir də uzun, dar dəhlizi olan birmərtəbəli evimiz həmişə səliqəli olurdu. Ayda bir dəfə evi, eyvanı sarışirə deyilən və kəndin kənarındakı qayalıqdan daşıyıb gətirdiyi sarı rəngdə olan torpaqla şirələyirdi. Göy ot, xırda saman, bir də at peyini qarışığıyla hazırladığı, bir neçə gün qıcqırtdıqdan sonra araya-ərsəyə gətirilən palçıq, elə sıvıq və yumuşaq olardı ki, adam həmin palçığa əl vuranda bədəni üşənirdi. Həm də, palçıqdan yaz vaxtı ətrafı bürüyən ciskinli, nəmli dumanın iyi gəlirdi... Nənəm həmin palçıqla ev-eşiyi, eyvanı elə səliqəylə suvayıb, şirələyərdi ki, adam gözlərini ondan çəkə bilmirdi.

Novruz bayramında isə ağşirə deyilən palçığa bir az da göy hil qatıb ev-eşiyin divarlarını suvayardı. Ağşirəylə suvanmış ev çox gözəl görünərdi. İllah ki, yay vaxtları pəncərədən süzülüb evə düşən gün işığının qızılı şüaları divarıın ağ rəngini bir az da ecazkar göstərərdi. Ayağımızın altındakı həsirdən, palazdan qalxan narın toz dənəcikləri pəncərədən düşən günəş şüasının altında, sanki xırda kəpənəklər kimi uçuşardı. Biz uşaqlar sıraya düzülərək, ağzımızı geniş açıb, o qızılı şüanı, guya uda-uda pəncərəyə qədər bir-birimizi itələyərək, basırıq salardıq. O vaxta qədər ki, hansımızınsa kəlləsi dəyib pəncərənin şüşəsini sındırana kimi. Ondan sonra xurd düşüb kirimişcə evin künc-bucağında oturub, səbirsizliklə cəzamızın veriləcəyi anı gözləyərdik.

Bəxtimiz onda gətirirdi ki, bu cəzanı bizə nənəmiz verirdi. Ya, odun daşıtdıracaqdı, ya tövlənin arxasındakı mal peyinini bostan yerinə yaydıracaqdı, ya da ki, evin banına çıxardıb illərlə qalaqlanmış göyərçin, sərçə zılını süpürtdürəcəkdi.

Nənəm üçün fərqi yox idi, pəncərənin şüşəsini kim sındırıbdır. Cəzanı hamımız çəkməli olurduq. Onun bu cəza üsulunu illər sonra hərbi xidmətdə olarkən anladım. Kazarmanın şüşəsini kimsə sındırmışdı. Şüşəni sındıran əsgər əməlini boynuna almaq istəmirdi. Onun qəbahətini görənlər isə, əsgər yoldaşlarını satmaq istəmirdilər. Ona görə də, bütöv bir polk səhərə qədər yatmayıb, ayaqüstə yuxusuz qaldıq. Mən onda anladım ki, mənim savadsız nənəm, dünyaya meydan oxuyan sovet generallarından da çox bilirmiş...

Ağca nənəmizin gecə nə vaxt yatıb, səhər nə vaxt oyandığını heç birimiz görməmişdik. Heç bircə dəfə də onun yatıb yuxuya qaldığının şahidi də olmamışdıq. Yuxudan ayılanda onu həyət-bacada ora-bura vurxunan görürdük. Adəti idi, sübh tezdən hamıdan qabaq yerindən qalxar, dəstəmazını alıb, namazını qılardı. Onun pıçıltıyla dediyi sözlər, etdiyi dualar, elə bil qeybdən gələn sirrli-sehirli sözlər idi. Hər kəlməsi adamı ovsunlayırdı. Dua edən zaman həmişə ağlayirdı. Yanağından süzülən göz yaşları çənəsində gilələnər, sonra da damcı-damcı dizlərinin üstə tökülərdi. Tək-tək hamımıza dua edərdi. Bizlərin dərd-bəladan uzaq olmağımız üçün Allaha yalvarardı. Dualarının sonunda isə özünə dua edərdi. Özünə etdiyi dua isə çox qəribə olardı. Deyərdi: - “İlahi, səndən çox ömür istəmirəm, verdiyin bu ömürə də şükür. Amma mənim axırımı xeyirli et, məni dilsiz-ağızsız, əlsiz-ayaqsız edib kimsəyə möhtac eə. Məni ayaqüstə öldür, yorğan-döşək möhtacı etməginən”.

Çox imanlı arvad idi bizim Ağca nənəmiz. Əl-ayağı bərəkətliydi. Əlini nəyə vursaydı, o şeyə Allah o qədər bərəkət verərdi ki.

Qapıda mal-qaramız çox idi. Mal-qaranın sağılması, yerbəyer edilməsi onun əlindən gəlib-gedərdi. Həftədə iki dəfə nehrə çalxayardı. Nehrənin suynu da, sübh tezdən gedib kəndin yuxarıbaşındakı “Alçalıbulaq”dan gətirərdi. Bulağa, camaat yuxudan oyanmamış, səhərin gözü çırtlayanda gedərdi. Deyərdi ki, nehrənin suyu gərək bulağın əl dəyməyən ilk suyu olsun ki, yaği bol düşsün. Nehrəni də özü çalxayardı. Qoyun dərisindən olan bir parça yunlu dərini də nehrənin altına atardı ki, yeri yumuşaq olsun, nehrəyə daşdan-zaddan ilişib bir xətər toxunmasın.

Heyva budağından kəsilmiş bir çybuğu da vardı. Həmişə uşaqların əlindən uzaq bir yerdə, təmiz parçanın arasında saxlayardı. Nehrə çalxalayarkən arada o çubuğu nehrənin “gülfə” yerindən içinə salar və yağın düşüb-düşməməsini yoxlayardı. Necə ki, çubuğun hər tərəfinə yağ yapışardı, onda bilərdi ki, artıq, nehrənin yağı hazırdır. Qabaqcadan yuyub hazırladığı vedrə, ləyənə boşaldardı nehrənin ayranını. Ayranın üzərində topa-topa üzən yağı yığıb, ovuclayar ayrca qaba qoyardı.

Gözləyərdik. Nehrənin yağı hazır olan kimi biz uşaqlar da hərəmiz əlimizə bir parça çörək alıb, nehrənin yanında boysırasıyla düzülərdik.

Əlimizdəki çörəyin üstünə yağı elə səliqə ilə yaxardı ki, elə bil, adamın ürəyini qıdıqlayardı. O, çörəyin üstünə yaxılan yağyaxmacı dünyanın ən şirin matahı idi bizim üçün.

Nehrə çalxalanarkən onun ağzına bağlanmış sələdən qopan “gup-gup” səsləri hələ də qulağımdan getməyibdir. O səs adamın təngənəfəs olan vaxtı ürəyinin döyüntüsünə bənzəyirdi...

Heç yadımdan çıxmaz. Bir dəfə nənəmin yuyub, təmizləyərək, qurumaq üçün çəpərin yanına qoyduğu nehrəni daşla vurub sındırdım. Elə bil nehrəni yox, arvadın ürəyini çilik-çilik etdim. Nehrənin paralanıb, iki yerə bölündüyünü görəndə arvad dizə çöküb hönkürdü və bircə bu sözləri dedi: - “İgid öləsən səni, bala!..”

Nənəmin mənə etdiyi qarğış kefimə dəymişdi. Günahım böyük olsa da, qəlbimdə ondan küsmüşdüm. Atam səhəri gün təzə nehrə alıb gətirəndən sonra nənəmin üzünün qırışığı açıldı və günorta yemək zamanı başımı aşağı salıb, dodaqlarımı sallayaraq, altdan-altdan ona baxdığımı görüb, yaxın gəldi və boynumu qucaqlayıb üzümdən öpdü. Kövrəlib ağladım. Tumanının ətəyi ilə göz yaşlarımı silə-silə: - Ağlama, səni çox istəyirəm! - dedi.

Bir az da ürəkləndim və ağlaya-ağlaya dedim: - Məni çox istəmirsən. İstəsəydin, bir nehrədən sarı mənə igid öləsən, deməzdin.

Nənəm gülümsədi və yenidən məni bağrına basaraq öpə-öpə: - “İgid ölmək hər kişinin qisməti olmur, bala. – O, nağıllardakı igidlər var ha, yəni, onlar kimi olasan da, dedim”.

Çox-çox sonralar, başımız müsibətlər çəkəndə, torpaqlarımız işğal olunub, el-obamıza şəhid tabutları gələndə başa düşdüm ki, nənəm mənə qarğış yox, alqış edibdir. Sən demə, igid ölmək hər kişiyə nəsib olmurmuş... Mənim yazıq nənəm, ağıllı nənəm... Gör, nə boyda savadın varmış.

Nənəmgül yatan otağın bir küncündə bəzəkli, qədim bir sandıq vardı. Sandığın üç qıfıl yeri olsa da, nənəm heç vaxt sandığın ağzına qıfıl vurmazdı. Ona görə ki, biz onun qorxusundan, nəinki sandığın ağzını açmağa, heç sandığa yaxınlaşmağa belə cürət etməzdik. Arada nənəm özü sandığı açıb oradan bir şey götürəndə, biz uşaqlar arı pöhrəsi kimi dövrə vurub nənəmizin başına topalaşardıq.

İlahi, sandıqdan elə gözəl ətir iyi gəlirdi ki, adam bir anlıq huşunu itirmək vəziyyətində qalırdı. Gülab, naftalin və ətir qoxulu iylər bir-birinə qarışaraq adamın ruhunu canından alıb, sanki göylərə aparırdı.

Öz gözlərimlə görmüşdüm, sandıqda nənəmin bir saçaqlı şalı, üç ədəd kalağayısı vardı. Kalağayının biri ağ, qıraqları butalı olanını, nənəm həmişə toya, xeyir işlərə gedəndə başına bağlardı. O biri kəlağayı“noxudu kəlağayı” deyilən kəlağayı idi ki, onu da elə belə qonşu-bacaya gedəndə başına salardı. Zil qara bir kəlağayısı da vardı ki, onu da yasa, hüzrə gedəndə başına örtərdi. Hər üç kəlayağı nənəmə çox yaraşırdı. İllah ki, ağ kəlağayı, nənəmi elə gözəl göstərərdi ki, böyük bacım demişkən; - “adam ona baxanda şişərdi”.

Nənəmin sandığında bir-iki dəst xeyir-şərə geyinmək üçün paltarları da vardı. Bu paltarları elə səliqəylə qatlayıb sandığa qoyardı ki, elə bil, bir də heç vaxt o paltarlara əl vurmayacaqdı.

Sandıqda bir daraq, bir də gözəl naxışlarla bəzədilmiş güzgü də vardı. Onlar həmişə paltarların altında olardı. Yalnız bircə dəfə, böyük bacımın toyunda gördüm ki, nənəm o güzgüyə baxa-baxa saçlarını darayır. Amma çiyinləri titrəyirdi, deyəsən, o ağlayırdı. Anamın dediyinə görə, daraqla güzgü babamdan nənəmə yadiğar qalıbmış. Babam öləndən sonra, arvad bir dəfə də olsun onun yadigar verdiyi əşyalara əl vurmamışdı.

Böyük bacımı uşaqların hamısından çox istəyirdi nənəm, yəqin arzusu varmış ki, onun toyunda abırlıbaşlı bəzənib, düzənsin.

Nənəm ölən gününə kimi oruc-namazından əl çəkmədi. Xəstə olan vaxtlarında da namaz qılar, orucunu tutardı.

Heç yadımdan çıxmaz, yayın qorabişirən ayı idi. Havalar çox isti keçirdi. Orucluq ayı həmin yaya düşmüşdü. Nənəm oruc idi. Amma iş-gücündən də əl çəkmirdi. Noxud, mərcinin yolunan vaxtlarıydi. Dünəndən evin böyüründəki bir parça yeri təmizləyib, ora noxud yolub tökmüşdü. Günün altında quruyub, qabığından çırtlayan noxudu döyüb, sovurub yığışdırmalıydi nənəm.

Dərz-dərz tökülmüş noxud yığını kiçik bir təpəni xatırladırdı. Nənəmin iri bir toxmağı da var idi. Biz uşaqların o toxmağı götürməyə qüvvəmiz güclə çatardı. Nənəm isə onu başının üstünə qaldırar və qalaq-qalaq qalaqlanmış noxud dərzlərinin üstünə endirərdi. Hər zərbə endiriləndə, noxudlar qınalanıb ətrafa səpələnirdi.

Nənəmizlə biz uşaqların bir sövdələşməsi də vardı. Xırman deyilən, şirələnmiş sahədən noxud kənara düşsəydi o bizim idi. Biz uşaqlar həmin noxudları qablara yığıb günün sonunda nənəmizə verərdik. O da bizə pensiyasından beş-on qəpik pul verərdi.

Həmin gün çox möhkəm isti vardı. Günəşin yandırıcı şüaları adamın sir-sifətini qarsıdırdı. Belə istidə oruc tutmuş nənəmizin birdən-birə ürəyi dayandı və o, üzüqoylu noxud dənlərinin üstə yıxıldı. Biz qışqırdıq. Səsimizə qonum-qonşular tökülüşüb gəldi, nənəmizin üz-gözünə, sinəsinə su çiləyib onu ayıltdılar.

O gözlərini açıb özünə gələndə qonum-qonşudan bircə bunu soruşdu: - Siz Allah, mənə su içirdib, orucumu batil etmədiniz ki?!.. Məni Allahın yanında günaha batırmadınız ki?!..

Qonşular and-aman etdilər ki, belə iş olmadı, sənə su içirtmədik. Ondan sonra nənəm arxayınlaşib, - Şükür sənə, ilahi!.. - dedi.

Həyətimizdə “peşkar” deyilən bir yer vardı. Ora xırman yeri də deyirdik. Taxılı oraqla, dəryazla biçdikdən sonra, dərz vuraraq daşıyıb həmin xırman yerinə tökərdik. Sonra ata qoşulmuş vəli taxılın üstə dövrə vurduraraq, onun buğdası çıxana qədər döyərdilər.

Biz uşaqlar da, növbə ilə vəlin üstünə minərdik. At yorta-yorta getdiyindən biz də vəlin üstə nehrə kimi çalxalanardıq. Vəl deyilən buğda, noxud, mərci döyən bu alət, yonulmuş enli palıd ağacından düzəldilirdi. Və həmin yonulmuş ağacın altına nazik dəmir parçaları vurulardı. Ata, ulağa qoşulan vəl xırmana tökülmüş dərzlərin üzərində hərləndikcə vəlin altına vurulmuş o dəmir parçaları dərzləri əzərək dəni sünbüldən ovub çıxarardı.

Toz-torpağa batsaq da, vələ minmək bizə özgə ləzzət verirdi. Xırman vaxtı “hünü” deyilən xırda bir həşarat vardı, gözlə güclə görünərdi. Amma adamın üz-gözünü elə dalayardı ki, deyərdin bəs, adamı eşşək arısı çalır.

Nənəm həmişə deyərdi ki, nə yaxşı bu hünüyə Allah boy-buxun verməyib, yoxsa öldürmədiyi adam qalmazdı. Belə vaxtlarda nənəm mis kasada nöyüt gətirər və əskini nöyütə batırıb bizim boyun-boğazımıza sürtərdi. Nöyütün iyinə hünülər adama yaxın gəlməsə də, amma boyun-boğazımızı nöyüt yandırıb dərisini qızardardı.

Taxıl dərzləri döyülüb başa çatdıqdan sonra, axşamçağı külək əsəndə nənəm onu sovurardı. İri mis məcməyiyə taxılı doldurub başı üzərinə qaldırar və silkələyə-silkələyə yelə verərdi. Bir yel nəğməsi də vardı, taxılı sovura-sovura oxuyardı: - “Yel baba, yel baba... De, hardasan, gəl baba...”

Həmin anda qəribə bir hal baş verərdi. Nənəmin bu sözlərindən sonra, hardansa külək peyda olar və onun başı üzərinə qaldırdığı məciməyidəki taxılın samanını, çör-çöpünü elə sovurub aparardı ki... Buğda sovrulandan sonra onu xəlbirə vurardılar. Yazıq nənəm bunların hamısını özü edərdi, ta buğda kisələrə yığılıb, “əlyeri” deyilən dama daşınana kimi.

Həyətimizdə qollu-budaqlı iri bir tut ağacı vardı. Nənəm deyərdi ki, mən gözümü dünyaya açandan bəri bu tut ağacını elə beləcə görmüşəm. Bu tut ağacı həyətimizə elə sərinlik, elə gözəllik gətirərdi ki... İllah ki, yay vaxtları. Yayın qorabişirən günlərində bu tut ağacı hardansa sərin mehi çəkib gətirərdi. Onun kölgəsinə, həsirdən, palazdan sərib, kömürlə qaynadılan samovar çayı içə-içə şirin söhbətlərə qulaq asmaq, mənim üçün dünyanın ən gözəl və yaddaqalan anları idi.

Budaqlarının ucları göyün ənginliklərinə dirənən bu yarımdınya tut ağacı kəndin hər tərəfindən görünərdi. Kəndimizdə o vaxtlar barama qurdu saxlayardılar. Barama qurdları da, deyəsən, tut yarpağından başqa bir şey yemirdilər. Ona görə də, kəndin qız, gəlinləri yaz, yay aylarında həyətimizə axışıb tutun budaqlarını budayıb aparardılar.

Anam doqquz uşaq dünyaya gətirmişdi. Uşaqların çoxu da qız idi. Atalar sözüdür, deyir: - “Kasıbın arvadı dişi, inəyi isə erkək doğar. Varlının isə əksinə, arvadı erkək, inəyi dişi doğar”.

Anamın hər dəfə qızı olanda atam deyinərdi. Atamın deyinməyi nənəmin xoşuna gəlməzdi. – Naşükürlük etmə, bala, adam var, o qızın çölə atılan dırnağına gəzir. Allaha acıq gedər, belə nasaza sözlər danışma, - deyə atama məzəmmət edərdi.

Atam nənəmin bu sözlərindən sonra bir daha bu barədə söhbət açmazdı.

Qış vaxtları evimizin içindən həmişə nəm əski iyi gəlirdi. Çöl-bayır şaxta-sazaq olduğuna görə, yeni doğulan uşağın əski-üsküsünü evin içində, sobanın yaxınlığındakı divara bərkidilmiş ipdən asardılar. Sobanın istisi dəyib, qurutduğu nəm əskilərin çox qəribə iyi gəlirdi evdən. Bu iyi o vaxt çox xoşlayırdım. Bu iy körpə uşağın bələyinin iyinə oxşayırdı...

Uşaqların bütün götür-qoyu nənəmizin əlindən gəlib gedərdi. Anam dünyaya uşaq gətirəndə onun doğduğu uşaqları da nənəm özü tutardı. Onun bu işdə çox böyük səriştəsi vardı. Uşaqların əksəriyyəti qış vaxtı, özü də gecəyarsı doğulardılar. Kasıb yaşayan adamlar üçün bu əlavə çətiliklər yaradırdı. Anamın doğacağı ayı, beş-üç gün fərqiylə də olsa nənəm bilirdi. – Gəlin, bu ay ayındır ha, sənin... Yır-yığışını et, hazırlığını gör! - deyərdi.

Bəzən anam nənəmim təkrar-təkrar dediyi bu sözlərdən inciyən kimi olardı. Açıq deməsə də, dilinin ucunda gileylənib deyərdi: - Evin tikilsin bu arvad, elə bil, doğan mən yox, budur. Bilirəm də, bu ay ayımdır, hazırlığımı da görmüşəm.

Anamın sancıdan divara söykənib, qıvrıla-qıvrıla necə ağladığını indinin özündə də unuda bilmirəm. Nənəm isə bir söz belə demədən, sakitcə əlləşərdi. Belə vaxtlarda o ikiqat zirək olurdu. Yaşına uyğun olmayan bir zirəklik vardı onun canında. İşi cəld və səliqəli görərdi.

Biz uşaqlar isə yan otaqda kirimişcə gözləyərdik. Uşağın qız və ya oğlan olduğunu yenə də nənəmizin sözlərindən anlayardıq. Qız olanda nənəm bir az uca səslə: - Canın yansın sənin, bunun boyuna bax, hayçı-qarayçılığına bir bax da.., - deyərdi.

Nənəm özü də gəlininin oğlan doğmasını arzulayırdı. Atam tək olduğuna görə, nənəm istəyirdi ki, onun çoxluca oğlu olsun. Amma bunu ürəyində istəyirdi. Həm də, namaz qılanda Allaha yalvarışından eşitmişdim bunları.

Uşaq anadan olandan sonra nənəm həmişə anama xaşıl bişirərdi. O, xaşılın artıq-urtuğundan biz böyük uşaqlar da yeyərdik. İçinə kəra yağı və çoxlu ədvalar qatılmış xaşılı yeməklə doymazdıq. Sanki doğan yazıq anamız yox, biz idik.

Doqquz uşaqdan heç birinin ağ mələfəyə büküldüyünü görmədim. Onların əski-üsküsü atamızın könhə şalvar, köynəyi, bir də nənəmlə, anamın cırıq-sökük, daha kara gəlməyən nimdaş pal-paltarları olardı. Nənəm həmin köhnə şalvar köynəyi, paltarları səliqə ilə qayçılayıb kəsər, uşaqlar üçün əski düzəldərdi.

Nənəm, həm də çox savadlı, türkəçarədən başı çıxan bir qadındi. O bizim həkimimiz idi. Yeni doğulan uşağın ongünlüyündən sonra, onu yuyundurar, sonra da burnunun üçundan, yanaqlarından, dabanından, yanından iti ülgüclə qan alardı. Hələ indiyə kimi də bilmirəm bunlar nəyə görəymiş?

Uşaq vaxtı mən göy öskürək deyilən bir öskürək tutmuşdum. Bu elə bir axmaq öskürək idi ki, adamın nəfəsini kəsirdi. Elə bərkdən öskürürdüm ki, az qalırdı ciyərlərim ovulub ağzından tökülsün. Öskürək tutanda adam göyərib keçirdi.

Mən öskürək tutan günün səhəri nənəm böyük bacımı bayıra səsləyib, onu harasa göndərdi. Bir az keçəndən sonra bacım kasada süd gətirdi. Nənəm onu fincana töküb mənə içirtdi.

Südün dadı tamam başqa idi. Ömrümdə belə qəribə tamı olan süd içməmişdim. Süd həm qatı, həm də bir az turşməzə idi.

O südü içən günün səhəri mənim öskürəyim birdən-birə xırp kəsildi. Günortaya yaxın bacımı yanlayıb, dünən mənə nənəmin içirtdiyi o südün nə südü olduğunu soruşdum. Axı, südü o tapıb gətirmişdi. Həm də, bacımın arada mənə baxıb bic-bic gülümsəməsi məni şübhələndirmişdi.

Bacım isə nənəmin bu barədə ona susmağı tapşırıq verdiyini bəhanə gətirib mənə bir söz demədi. Axırda, çarəsiz qalıb, mən xəstə olanda nənəmin yastığımın altına qoyduğu konfeti ona verəndən sonra sirri açacağına söz verdi.

Konfeti ona verdim. Bacım əyilib qulağıma dedi ki, sənin içdiyin süd qonşumuzun eşşəyinin südü idi.

Bu sözləri bacımdan eşidəndə əhvalım döndü. O dəqiqə ürəyim bulandı. Mənim öyüməyimlə bacımın həyətə qaçmağı bir oldu.

Bir dəfə də boğazım bərk ağrıyırdı. Yemək nədi, heç udquna da bilmirdim. Hər dəfə udqunanda gözlərimdən gilə-gilə yaş tökülürdi. Boğazımın ağrıması, bir tərəfdən də bədənimi bürüyən istilik məni dirigözlü yandırırdı. Gecələr hərarətim o qədər qalxardı ki, öz-özümə sayıqlayardım. Belə günlərin birində nənəm mənim qolumdan tutub kəndin kənarında yaşayan Rübabə arvadgilə apardı.

Rübabə arvad nənəmlə yaşıd olsa da, bir az zəhimli arvad idi. Adam ondan qorxub, çəkinirdi. Üst-başı həmişə tör-töküntülü olurdu. Boyun-boğazından da iri muncuqlar asardı. Bu muncuqların heç biri bir-birinə bənzəməzdi. Biri ağ, o biri sari, digəri qara, bir başqası bənövşəyi rəngdə olardı. Hətta, bu muncuqların arasında it dişinə bənzər uzunsov sümüklər də olardı. Doğrusu, o muncuqlara baxanda ürəyim bulanırdı.

Nənəm məni Rübabə arvada göstərib dedi:

- Bacı, bu uşaq qızdırmanın içində yanır. Gecələr o qədər istiliyi artır ki, yazıq uşaq lap yerini isladır.

Rübabə arvad mənim qolumdan tutub yanına çəkdi və qucağında oturdub barmaqlarını quş caynağı kimi əngimə keçirtdi. Ağzım geniş açıldı. Arvad diqqətlə ağzımın içinə baxandan sonra, üzünü nənəmə çevirib dedi:

- Qıza, qara geymiyənin qızı, bu uşağın boğazı gəlib ki. Görmürsən, necə şişib, irinləyib bunun boğzı.

Rübabə arvad kimisə səsləyib duz istədi. Ona duz gətirdilər. Arvad mənim ağzımı açdı və sonra barmağını öz ağzına salıb tüpürcəyi ilə barmağını islatdı. Sonra isə həmin barmağını duza batırıb mənim boğazımın içinə saldı və bərk-bərk boğazımın sağ və sol tərəfini basmağa başladı. Onun kirdən cadar-cadar olmuş barmağı boğazımın içindəki şişləri əzib, partlatdıqca ağzıma qanlaqarışıq maye axırdı.

Rübabə arvad təkrar-təkrar barmağını duza batırıb boğazımı basırdı. Ağrıdan az qalırdı ki, ürəyim dayansın. Nənəm qollarımdan bərk-bərk yapışdığı üçün yerimdən tərpənə bilmirdim.

Rübabə arvad işini qurtarandan sonra nənəmə tapşırdı ki, uşağa bir-iki gün turş alça qurusunu suda isladıb suyunu içirtsin. – Omac aşından, tərədən bişir yesin, yağlı şey vermə. Boğazını da yun şalla bağla, - dedi.

Nənəm bir-iki gün Rübabə arvad deyən qaydada məni qorudu. Mən tamam sağalıb özümə gəldim...

Anam həftədə bir dəfə böyük bacımın uzun, kilkəli saçını mis kasaya tökülmüş ayranla yuyardı. Hər yuyanda da deyinərdi ki, bu boyda yekə qızsan, amma saçını özün yuya bilmirsən. Belə vaxtda nənəm əyilib az qala güclə eşidiləcək səslə anamın qulağına deyərdi: - “Gəlin, başuva dönüm, sən bu evə gələndə saçını mən yumurdummu?! Nə tez yadından çıxdı o günlər? Uşaqdı da, öyrət özü yusun”.

Sonra o, dizə çöküb anamı ehmalca dirsəyi ilə kənara itələyər və bacımın uzun saçlarını toparlayıb, mis kasadakı ayrana salıb isladar, sonra isə islanmış tükləri qolunun üstünə sərərək darağın iri dişləriylə yavaş-yavaş kilkəsini alardı.

Saçın ki, kilkəsi açıldı, daraq saçda elə axardı ki, baxanda adamın ürəyinin qıdığı gələrdi. Nənəm arada darağa diqqətlə baxardı, gözünə bir şey sataşanda ayağa durub bir az nöyüt gətirər və təmiz ilıq suyla qarışdırıb, lap axırda bacımın saçını nöyütlü suyla yuyardı. Bunun səbəbini nənəmizdən soruşanda isə bir söz deməzdi... Amma bunun səbəbini bilirdik. Qonşu arvadı da qızının saçlarını nöyütləyəndə deyinə-deyinə deyərdi: - “Ay səni görüm, əlin heç yar əlinə dəyməsin, bu bit-sirkəni hardan doldurmusan e, başına?”

Çox kasıb yaşayırdıq, külfət böyük idi. Amma mehriban idik. Evdə dava-dalaşın qarşısını ancaq nənəmiz alardı. İstər, biz uşaqların, istərsə də, ata-anamın mübahisələrini həmişə nənəmin tərs baxışları kəsərdi. Bəzən atam bir şeyi bahanə edib anama əl qaldırmaq istəyəndə nənəm sakitcə deyərdi: - “Uşaqların zəhrin-bağrın yarmayın, oturun yerinizdə!..” O dəqiqə atam sakitləşirdi.

Nənəm məni çox istəyirdi. - Sən babana oxşayırsan, - deyərdi. - Babam necə adam olub? - soruşardım. - O çox yaxşı adam idi, - deyərdi. - Atam da babama oxşayıb? - soruşardım. - Yox, atan zəhər tuluğudur!- nənəm deyərdi.

Kasıb olduğumuza görə yatacaq az olardı. Qış ayları od-ocaqdan yaman korluq çəkirdik. Nənəm belə vaxtlarda təndirdə çörəkləri bişirdikdən sonra, təndirin közünü saca yığar və biz yatdığlmız otağa qoyardı. Köz də bir az istilik verəndən sonra yanıb külə dönərdi. Uzun qış gecəsində tir-tir titrəyirdik. Bacılarım “baş-ayaq” yatardılar ki qızınsınlar. Mən isə, döşək olmadığına görə, yorğanı ikiqat edib arasına girərdim. İki qatlanmış yorğan arasında yatanlar yəqin anlayarlar ki, belə yatmaq çox əzablı bir işdir. Səhərə qədər dizlərini qucaqlayaraq bir böyürü üstə yatmaq o qədər çətin idi ki...

Soyuqdan titrədiyimi hiss edən nənəm mənə yaxınlaşıb ağzını qulağıma tutar və gülə-gülə deyərdi: - “Döz, çətini böyüyənəcəndir. İnşallah, böyüyüb arvad alarsan, ondan sonra üşüməzsən”.

Nənəmin bu sözlərindən sonra içimdə, elə bil, ümid işığı yanardı, bədənim qızınardı... Mən neçə qışı həmin ümid işığının hesabına yola verirdim...

Nənəm imanlı və halal adam idi. Mən heç vaxt onun kiminsə dalınca danışdığını, qeybət etdiyinin şahidi olmamışdım. Bir sözü vardı, həmişə işlədərdi; - Adam gərək özünü qədr-qürübdən salmasın.

Çox qənaətcil arvad idi, həyət-bacamızda çoxlu toyuq-cücə, mal-qara olsa da, o bizə hər şeyi cirə ilə verərdi. Qarnımız doyardı, amma gözümüz həmişə yeməyin dalınca qalardı. Əlinin duzu vardı. İstər plov bişirsin, istərsə də adicə soğansu o qədər ləzzətli olardı ki... Yemək bölməkdə də səriştəsi böyük idi. Kimə hansı ət tikəsin atacağını yaxşı bilirdi və həmişə də eyni qaydayla yeməyi çəkirdi. Zarafat deyil, on iki nəfər ailə üzvünə bir toyuğu və yaxud da cücəni bölmək asan iş deyildi.

İndinin özündə də nənəmin o vaxtlar bişirdiyi iki yeməyin həsrətini çəkirəm. Biri cücə cığırtması idi, o biri isə “soğansu” deyilən bir yeməkdi.

Cücə cığırtmasını elə bişirərdi ki, adam cücənin sümüklərini də gəmirərdi. Belə vaxtlarda arvad gülüb deyərdi ki, ay bala, bu sümükləri gəmirib, yediniz, bəs, həyətdəki itə nə atacağıq?

Soğansu deyilən yemək isə dadlı olsa da, uşaq vaxtı bizim ən çox zəhləmiz getdiyi yemək idi. Həftədə, heç olmasa üç-dörd dəfə bu yeməkdən bişirərdilər. Adamın qarnı doymazdı. Yağda qovrulmuş göy soğan idi, bir də su. Yemək bişənə yaxın isə bir ədəd də yumurta çalardılar o yeməyin içinə ki, dadlı olsun.

Axşamçağı qoyundan, maldan gələn kimi birinci ocağın üstündəki qazanın ağzını açıb baxardıq. Necə ki, soğansu yeməyinin bişdiyini görüb, hirslənər və: - Ehh, yenə də soğansu?! - deyib dodağımızı sallardıq. Belə vaxtlarda nənəm bizi danlayıb deyərdi: - Qudurmayın bala, adam var ona da həsrətdir.

Uşaq vaxtı bir az qarınqulu olmuşam. Gözüm həmişə nənəmin çömçəsində olardı. Qabıma atılan əlavə xırdaca ət parçası da məni sevindirərdi. Böyük bacımla qazan dibi qaşımaq üstündə həmişə davamız düşərdi. Bu mübahisəni yenə də nənəmin sözləri kəsərdi. Belə vaxtda o deyərdi: - Qazandibi yeyən adamın toyunda yağış yağar. Bəsdirin, qazan dibi qaşıdınız.

Kənd uşağı oduğumuza görə yağışın, palçığın nə olduğunu yaxşı bilirdik. Guya, toyumuzda yağmasın deyə, tezcəli qazanı bir-birimizə tərəf uzadıb: - al, sən ye! - deyərdik.

Həyətimizin bir tərəfində təndirimiz var idi. Təndiri nənəm özü qoyardı. Onun palçığını da, şirəsini də özü hazırlayardı. Bir-iki həftə palçığı qıcqırtdıqdan sonra təndiri qoyardı.

Nənəmin bişirdiyi çörəklərin ətri, iyi başqa idi. Təndirə çörək yapanda nənəm qoluna “qolçaq” deyilən, bərk parçadan düzəltdiyi əlçəkfason bir şey keçirərdi. Amma həmin qolçağın barmaqları olmazdı, elə dirsəkdən əlin üstünə qədər olan yeri tutardı. Bu da, təndirə çörək yapanda qolun təndirə yapışmasının qarşısını alırdı.

Nənəm təndirə çörək yapanda bizi təndirin yanına qoymazdı. Deyərdi ki, ayağınız ağır olar, kündələr kütə gedər. Biz uşaqlar da uzaqdan durub baxardıq. Necə ki, çörəklər çıxarılıb tabaxa yığıldı, nənəm axırıncı çörəkdən kəsib hərəmizə bir parça verərdi. Nə qədər qonum-qonşu uşaqlarının o həndəvərdə olanı olsaydı, nənəm onları da çağırıb isti çörəkdən verərdi. Bu bizə xoş gəlməzdi. Niyə çörəyimizi onlara verib qurtarırsan? - deyə nənəmizə etiraz etmək istəyəndə, - siz qələtinizi edin, oturun yerinizdə. Onlar uşaqdılar şişib elərlər, - deyərdi. Lap axırda, ağzı sulana-sulana onun əlinə baxan itimizin də payını kəsməzdi. Ona da bir parça çörək ataraq; - o dünyada adamın üz-gözünü cırmaqlayar, - deyərdi.

Nənəm çörək bişirəndə biz uşaqlar Allaha yalvarardıq ki, heç olmasa kündələrdən bir-ikisi kütə getsin. Kündə kütə gedəndə təndirə yapışıb qalmış qazmaq üstə davamız düşərdi.

Soyuq havalarda dövrə vuraraq, təndir üstə oturub qıçlarımızı təndirin içinə sallayaraq, ayaqlarımızı təndirin istisində isitməyin özgə ləzzəti vardı. Təndirin istisi adamın canına yağ kimi yayılırdı.

Xatırlayıram. Uşaq vaxtı çox ağlağan bir uşaq olmuşam. Axşamüstü, şərqarışan vaxtı, naxır kəndə töküləndə məni ağlamaq tutardı. Heç bir səbəb olmadan başlardım öz-özümə ağlamağa.

Bir gün yenə də ağlamaq istərkən nənəm ehmalca mənim qolumdan yapışdı və çəkə-çəkə gətirib həyət qapısının ağzında məni arxasıüstə yerə yıxdı. Sonra bir dizini bu qolumun üstə, o biri dizini də o biri qolumun üstə qoydu. Əyilib, qapının ağzından bir qaloş götürdü və bir neçə dəfə ağzımın üstə vurdu.

Zərbədən dodaqlarım qanadı. Nənəm ovcunda tutduğu duzu dodaqlarımın üstünə töküb bir neçə dəfə də qaloşun altıyla vurdu. Paralanmış dodaq ola, duz ola, elə bil imanım-dinim yandı. O tərgidən, bu tərgidən bir də heç vaxt axşamçağı, niyaz vaxtı ağlamadım.

Bu hadisənin üstündə çox illər keçəndən sonra bir kitabdan oxudum ki, uşaq axşamçağılar bir səbəb olmadan ağlayırsa, demək o, ata-anasının “başını yemək” istəyir. O uşağın ağzına duz töküb, qaloşla vurmaq lazımdır ki, uşaq bu axmaq vərdişindən əl çəksin. Bax, nənəm məni belə tərbiyyələndirirdi.

Küsəyən idim. Xırda bir şeylər üstündə küsərək, evin bir küncünə çəkilib saatlarla mısmırığımı sallayaraq oturub qalardım. Özümün də küsməkdən zəhləm gedərdi. Çox vaxt yeməyim soyuyub, buza dönər, ya da götürüb həyətdəki itin qabağına atardılar. Özümə söz verərdim ki, bir daha küsməyim. Çünki bu küsmək qətiyyən mənə sərf eləmirdi. Ac qalırdım, susuz qalırdım, bəzən bu küsməyimin üstündə döyülürdüm də. Amma bu zəhrimara qalmış küsməyimi tərgidə bilmirdim ki, bilmirdim.

Bir dəfə heç yadımdan çıxmaz, yayın çırrama istisiydi, günorta vaxtı olardı. Kəndçimiz Fərail kişi bizə gəlmişdi. Bu kişi çox vasvası bir adam idi. Həmişə dodağının ucunda danışardı.

Günortaya ovduq hazırlamışdılar. Ovduq da belədir də içinə şüyüd, göy soğan, tər xiyar, bir də çörək doğrayıb qarışdırardılar. Yay vaxtı çox ləzzətli bir yemək idi. Adamın ürəyini bumbuz edirdi. Hər kəs başını aşağı salıb ovduğunu içirdi. Bilmirəm, nədənsə, yenə mənim tərsliyim tutmuşdu, ürəyimdən küsmək keçirdi. Başımı aşağı salıb, fıs-fıs fısıldayırdım. Fərail kişi bir-iki dəfə:

- Bala, nöş yemirsən çörəyini? – soruşdu.

Mən mızıldandım:

- Çörəyi yemək istəmirəm, onu ayırın!

Nənəm bu sözlərimi eşidib, qaşığı götürdü və kasanın içindəki çörəkləri qaşıqlayıb götürdü. Sonra acıqlı səslə:

- Ye!..

Mən qaşığı əlimə alsam da, ovduğumu içmədim, qaşığın ucuyla kasadakı göy-göyərtini, xiyarı ora-bura qarışdırmağa başladım.

Fərail kişi dözməyib soruşdu:

- İndi niyə yemirsən?

Mızıldandım:

- Bunları da istəmirəm.

- Nəyi deyirsən? – deyə nənəm soruşdu.

- Bu göyərtini, xiyarı yemək istəmirəm! - dedim.

Arvad bir söz deməyib, acıqlı-acıqlı bu dəfə kasanın içindəki göy soğanı, xiyarı qaşıqlayıb öz qabına tökdü və kasanı hirslə mənim qabağıma qoyub:

- İndi nə sözün?! Yeyəcəksən, ya yenə də zəhləmizi tökəcəksən?

Mən bir söz deməyib burnumu çəkdim.

Onlar artıq ovduqlarını içib qurtarmışdılar. Nənəm süfrəni yığışdırmağa hazırlaşırdı. Məni isə hələ də tərslik tutmuşdu. Özüm də nə istədiyimi bilmirdim. Kasada isə təkcə ayran qalmışdı.

Fərail kişi barmağının ucuyla böyürümə bir dürtmə vurub gülə-gülə:

- Hə, küsəgən oğlan, indi niyə yemirsən? Çörəyi dedin, ayırdılar, göyərtini bəhanə gətirdin onu da ayırdılar. İndi nə sözün var? Tərslik eləmə, ye, qoy yığışdırsınlar süfrəni.

Mən mızıldana-mızıldana:

- İndi də, ayrandan suyu ayırın! – dedim.

Fərail kişi əlini-əlinə vurub:

- Day, mənim sənə sözüm yoxdur, a bala. Ədə, ay evi tikilmişin oğlu, ayrandan da suyu ayırmaq olar? Sən nə tərs uşaqsan?

Fərail kişinin sözü ağzından qurtarmamış, nənəm qulağımın dibinə elə bir şapalaq ilişdirdi ki, ağrıdan, elə bil gözlərimdən qığılcım parladı. Ağlamağa başladım. Ağladıqca da, elə bil köpüm alınırdı, yavaş-yavaş sakitləşirdim. Ürəyimdə dedim ki, sənə qurban olum, ay nənə, bunu bir az qabaq vuraydın da...

O əhvalatdan sonra Fərail kişi harda məni görsəydi soruşardı: - Daha küsmürsən ki?

Təsərrüfatımız böyük idi, qara malımız, qoyun-quzumuz, həyət-bacada toyuq-cücəmiz vardı. Əkin sahəmiz də böyük idi, yay vaxtı bostanımız bol olardı. Həm kasıbçılıqdan, həm də, yemədiyimiz, artıq qalan məhsulları qonum-qonşuya həm pay verərdik, həm də, satardıq.

Nənəmin bir tərəzisi vardı. Tərəzinin gözləri həsir pisələrindən hörülmüşdü. Süzülüb getməsin deyə, qıraqlarına bərk parçadan yamaq salınmışdı. Tərəzinin içində bir kiloluq çəki daşı da var idi. Bu cəki daşı qoşa yumruq boyda idi. Qapqara çaylaq daşı idi.

Nənəm o tərəziylə bir şey çəkəndə, elə bil, o, tərəzidə imanını çəkirdi. Tərəzinin o həsir gözləri ki, bərabərləşdi, hə, onda arvad bir az da artıq atıb deyərdi ki, bu da halallıq olsun.

Kəndimizdə Qaraqız deyilən lal bir arvad var idi. Həmişə yağı, şori və bostan məhsullarını gəlib nənəmdən alardı. Biz uşaqlar ondan çox çəkinərdik. O, bizə gələndə küyüyüb həyətdən çıxardıq. Qəribə gülüşü vardı; - “pə-pəhhh” - deyib elə qışqırardı ki, adamın başındakı tükləri biz-biz durardı.

Qaraqız nənəmə çox inanırdı. Nənəm də onun dilini elə bilirdi ki... Bəzən saatlarla onların bir-biriylə “söhbət” etdiklərinin şahidi olmuşduq. Qaraqız çox diqqətcil və gözdən tükqapan bir arvad idi. Hələm-hələm ona bir şeyi bəyəndirmək olmazdı. Xiyarın əyri-üyrüsünü, pamidorun kələn-kötürün seçib atar, harda malın fərlisi var onu tərəziyə qoyardı. Gözünü də tərəzidən çəkməzdi. Bir şey alanda dizə çökər və gözlərini tərəzinin pərsənginə elə dikərdi ki, elə bil, aldığı pamidor, xiyar deyil qızıldır. Nənəm də altdan-altdan onun hərəkətlərinə baxıb, dodaqaltı qımışardı.

O çəki daşı bizim evdə müqqəddəs sayılirdı. Nənəmin qorxusundan o daşa əl vurmağa cürət etməzdik. Tərəzi ilə çəki daşının evimizdə öz yeri vardı. Eyvanın küncündə, divara çalınmış mıxdan asılardı tərəzi. Çəki daşı da həmişə tərəzinin bir gözündə olardı.

Bir dəfə əriyin çəyirdəyini sındırmaq üçün o daşı tərəzinin içindən götürüb həyətə apardım və bir neçə ərik dənəsinin qabığını onunla əzdim. Birdən-birə necə oldusa, çəki daşı ərik dənəsindən yayınıb altdakı daşa dəydi və xırdaca, barmaq boyda bir hissə qopub yerə düşdü. Diqqətlə baxmayınca daşdan qopan yeri ayırd etmək olmazdı. Amma necə olsa, çəki daşıydı, nə vaxtsa nənəm bunu biləcəkdi. Daşı fəncən aparıb yerinə qoydum və bu barədə evdə heç kəsə bir söz demədim. Üstündən bir müddət keçdi.

Bir gün yenə də Qaraqız arvad bizə gəlmişdi, deyəsən, bu dəfə şor alırdı. Nənəm tərəzidə şoru çəkib ona verdi. Arvad çıxıb getdi.

Bir azdan, məktəbdə hesab fənnindən dərs deyən Şaban adlı müəllim də gəlib şordan, yağdan nə isə alıb getdi. Sonra bir neçə qonşu da gəlib nənəmlə alver etdilər.

Bu zaman qəribə bir hadisə baş verdi. Bir də gördük ki, Qaraqız arvad hay-küylə bizim evə tərəf gəlir. O çatar-çatmaz həyətdə bir hənğamə qopartdı ki, gəl görəsən. Nənəm tez həyətə düşüb baş verənlərlə maraqlandı. Qaraqız arvad əlindəki şoru nənəmə göstərərək, qiyamət qoparırdı. Nənəm isə onu sakitləşdirməyə çalışaraq, nə baş verdiyini öyrənmək istəyirdi.

Qaraqız isə əlindəki şoru nənəmə göstərərək nə isə başa salmağa çalışırdı. Deyəsən, nənəm onu anlamışdı. Qaraqız bu dəfə aldığı şorun kilodan az olmasından narazılıq edirdi.

Nənəm şoru onun əlindən alıb tərəziyə qoydu və çəkdi. Hər ikisi gözlərini tərəzinin pərsənginə dikmişdilər. Tərəzinin hər iki gözü bərabər dayanmışdı.

Nənəm özü də fikirliydi. O, çəki daşını əlinə alıb, o tərəf-bu tərəfinə baxdı. Birdən o, daşın qırağından bir çimdik yerin qopduğunu gördü. İlk dəfə idi ki, nənəmin utandığndan sifətinin qızardığını görürdük. O evə dönüb yağdan, şordan əlinə nə keçdisə gətirib Qaraqızın torbasına qoyub onu yola saldı, heç pul da almadı.

Sonra arvad çəki daşını bizə göstərib: - Bu daşı kim sındırıb?- deyə soruşdu.

Qorxumuzdan heç kəs cınqırını belə çıxartmadı

Arvad dərindən köks ötürüb : - Siz məni günaha batırdınız! - dedi və ağladı.

Üstündən çox illərin keçməsinə baxmayaraq, hələ də məni düşündürən bir məsələnin narahatçılığını keçirirəm. Necə oldu ki, ömründə bircə gün də dərs oxumayan, savadsız, lal-kar olan bir qadın, çəki daşından qopmuş dırnaq boyda bir tilişkəyə görə tərəzinin səhv çəkdiyini hiss edə bildi, amma ali təhsili olan və uzun müddət riyaziyyatdan dərs deyən bir müəllim bunu hiss edə bilmədi.

... Nənəmiz yüz yaşında dünyasını dəyişdi. Allahdan dilədiyi kimi bir gün də olsun yorğan-döşəkdə xəstə yatmadı. Elə sağ-sağlam, axşam yatağına girib yatdı və bir də səhər oyanmadı...

Birinci dəfəydi ki, həmin səhər ev adamları ondan qabaq yerlərindən durmuşdular. O isə həyət-bacada gözə dəymirdi. - Yəqin, naxoşlayıbdır! - deyə, heç kəs qıyıb onu oyatmadı. Amma narahat idik.

Evdəkilərdən kimsə nənəmizin yatdığı otağa yaxınlaşdı. Yaxınlaşmağıyla ağlaya-ağlaya geri dönməsi bir an oldu...

Mən onun ölümünü öz gözlərimlə gördüm. Arxası üstə dümdüz uzanmışdı. Gözləri yumuluydu. Mənə elə gəldi ki, nənəm ölən zaman öz gözlərini də özü öz əliylə qapamışdı. Çünki onun bir əli sinəsində, o biri əli isə gözlərinin üstə quruyub qalmışdı. Sifəti ağappaq, nurlu idi. Bir azca gülümsər çöhvrəsindən, sanki bəxtəvərlik yağırdı. Onu ağrısız-əzabsız öz dərgahına apardığına görə, yəqin, Allahına şükranlığıydı onun bu gülümsər çöhvrəsi.

Nənəm günortaya yaxın dəfn olundu. Qəbiristanlığa aparılarkən mən də onun cənazəsi qoyulmuş mafaya çiyinlərimi söykədim. Qu quşunun tükü kimi yüngül idi nənəmin cansız bədəni. Yazıq arvad, heç kəs inciməsin deyə, elə bil, öz cənazəsini də məzara özü aparırdı.

Nənəm böyük bacıma bir vəsiyyət etmişdi. Tapşırmışdı ki, Qaraqızın bundan sonra aldığı nə olacaqdısa, onu tərəzidə artıq çəksin. Nənəmiz son günlərində yəqin ki, bunun xiffətini edirmiş.

Onun vəsiyyətini böyük bacım yerinə yetirirdi. Qaraqız arvad hər dəfə bir şey almağa gələndə bacım çəkidən əlavə onun qabını doldurmamış yola salmazdı. O da, iki əlini qoşalaşdırıb üzünə qoyar və boynunu əyərək gözlərini yumub ölmüş nənəmizi belə yad edirdi.

Nənəmin qırx mərasimini yola verəndən sonra birdən-birə o çəki daşı da yoxa çıxdı. Hara getdi, kim apardı bilən olmadı. Hamımız bu işə çox qəmləndik. Axı, nənəmizi bizlərə ən çox xatırladan o çəki daşı idi. O çəki daşı, elə bil, nənəmin bizim evdə dolaşan sərgardan ruhu idi. Birdən-birə o ruh da bizi tərk edib getmişdi...

Çəki daşından sonra Qaraqızın da ayağı bizim həyətdən kəsildi. O, bir daha bizim evə gəlmədi. Get-gedə evimizin səliqə-səhmanı da pozuldu. Atamla, anam hər gün bir-birləriylə deyinirdilər, günlərlə küslü qalırdılar. Onları barışdıran da olmurdu. Uşaqların birinin sözü, o birinin boğazından keçməzdi, tez-tez dava-dalaş edirdilər.

Həyətimizin mer-meyvəsi, bostan, tərəvəzi də yavaş-yavaş solub, solxurdu, alan olmurdu. Mal-qaranın yağ, pendiri də azalmışdı. Həyət-bacada güllü yaylıq kimi rəngbərəng olan toyuq-cücələr də qırılıb, azlmışdılar. Evimizin urvatı, xeyir-bərəkəti də çəkilmişdi, ziyan ziyan üstündən dəyirdi ev-eşiyimizə...

Kənd-kəsəkdə də böyük-kiçik məsələsi yavaş-yavaş aradan qalxırdı. Ağsaqqal, ağbirçək sözü eşidilmirdi. İnsanlar get-gedə, elə bil, bir-birlərindən soyuyurdular. Halal ilə haram bir-birinə qarışmışdı... Günlər beləcə gəlib ötüşürdü...

...İllər ötdükcə dünyanın nizam-tərəzisi də yavaş-yavaş dəyişib, pozulmağa başlamışdı... Hər gün dünyada bir hadisə baş verirdi. Hər şey bir-birinə dəymişdi. İnsanların bir-birinə inamı azalmışdı. Sanki yerin, göyün bərəkəti çəkilirdi. Elə bil, bizim evi də, el-obanı da, dünyanı da, hətta, bütün kainatı da səhmana salan nənəmin çəki daşı imiş...

Bir ürək və su kütləsi şəkili ola bilər