Şakir Xanhüseyndən İKİ ŞEİR

Ədəbiyyat 09:37 / 14.04.2024 Baxış sayı: 2284

 

BAX

ütülü-ütülü üdüləmək var,

irəli getməklə geriləmək var...

kimisə quyuya itələmək var,

bir ovcun içində yüz günaha bax...

 

ağızlı-ağızsız iş başındadı,

ağıllı-ağılsız sel döşündədi...

hamı bir heç nəyin yarışındadı;

var deyə yıxılıb ağnamağa bax...

 

ən təzə sualın cavabı köhnə,

kim qatıra minir, kim də köhlənə...

aman, bu adəti qoyma köhnələ;

özgə saqqızını çeynəməyə bax!

 

CƏHD...

Harayım da, sükutum da bir cəhddi,

bir amac, bir niyyətdi nəğmələr, şeirlər...

Bax, iş görürsənsə, dincliyə cəhd var...

qana cəhddi qansızların qansızlığı...

durduğun yerdə də səy edirsən

dayanmayasan...

Bəzən barışıqlar da yeni savaşlara cəhd...

Varağa nəsə cizmək, yazmaq

insanın, içinə enmək cəhdidi-

işıqlı bir yola baş alıb getmək-

özünü ötmək cəhdi!

Birinci, ikinci... onuncu addım,

sonuncu addım da ilk cəhd kimidi,

ilk dua, ilk əhd kimidi!

 

 

16Siz, Elnur Uğur Abdiyev, Adil Şirin və başqa 13 nəfər