Tahir Rzayev, komitə sədri : - " Artıq  600 min hektardan çox sahə əkinə yararlı vəziyyətə gətirilib" 

MƏMLƏKƏT 16:09 / 24.12.2024 Baxış sayı: 1265

“İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir. Sovetlər dövründə həmin rayonlarda böyük pambıq, taxıl, üzüm və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Eyni zamanda böyük heyvandarlıq təsərrüfatları mövcud olub. Digər tərəfdən bağçılıq və bostançılıq da inkişaf etdirilmişdi”.

Yenises.az bildirir ki, bu sözləri  mətbuata  açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesinin uğurla davam etdirildiyini söyləyən Komitə sədri xatırladıb ki, artıq minlərlə insan öz doğma yurdlarına köç edib.

Onun sözlərinə görə, əhali həmin ərazilərə qayıtdıqdan sonra bu ənənələr də davam etdirilməlidir: “Yaxşı haldır ki, artıq yay aylarında Kəlbəcərə heyvan sürüləri, arı ailələri aparılır və artıq neçə ildir ki, orada insanlar heyvandarlıqla məşğul olurlar. Sözsüz ki, o insanlar da xırda təsərrüfatlarla məşğul olurlar. Amma iri təsərrüfatların yaradılması istiqamətində əsaslı tədbirlər görülür”.

T.Rzayev bildirib ki, son illər ərzində həmin ərazilərdə 100 min hektardan çox sahədə taxıl, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Məlumata görə, artıq minalardan təmizlənmiş 600 min hektardan çox sahə əkinə yararlı vəziyyətə gətirilib və az bir zamanda istifadəyə verilməsi gözlənilir.

“Əlbəttə ki, bu, ölkəmizin kənd təsərrüfatına çox böyük fayda verəcək. Çünki artıq kənd təsərrüfatında yeni texnologiyalar tətbiq olunur. Bu texnologiyaların tətbiq edilməsi nəticəsində həmin sahələr əkin dövriyyəsinə daxil olunduqdan sonra düşünürəm ki, məhsuldarlıq xeyli arta və kənd təsərüfatı məhsullarının bolluğu yarana bilər. Odur ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında həmin ərazilər böyük rol oynayacaq”, - deyə komitə sədri əlavə edib.