Famil Mehdi - : MƏN

Ədəbiyyat 21:46 / 25.12.2024 Baxış sayı: 526

Min hava çalınır könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən!

Fəsillər görüşür duyğularımda,

İlin həm qışıyam, həm yazıyam mən!

 

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən!

 

Dinlə "Çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən!

 

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da.

Qədim Qobustanın qayalarında,

Pozulmaz, silinməz bir yazıyam mən!

 

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm,

Bir daha demərəm tamarzıyam mən!