Şakir Xanhüseyn : -  QƏLPƏ-QƏLPƏ

Ədəbiyyat 08:45 / 28.12.2024 Baxış sayı: 544

 

 

***

özünü belə yoğur yap:

özündən öz qəlbinə

gedən yolu tap...

***

nə yürüməyə yerimiz,

nə uçmağa göyümüz var

***

hərdənbir

dənizin üzünə

səmadan göz yaşı səpilir...

***

qara basır,

xof bürüyür,

sancı kəsir,

dəhşət alır,

dərd götürür adamı,

tükləri biz-biz durur,

damarında

qan donur adamın,

soruşma ki,

nələr olur,

soruşma...

***

düşünürsən insanların üstündən

sıçrayıb keçəcəksən,

lap gözün su içməyən

birisi olsun,

onun gözlərindən su içmək istərsən...

KAL

dolaşdığımı hiss edirəm

bəzən ayağıma,

bir səs gəlir qulağıma,

əl atıram telefona, telefon sönülü,

yetişir ilin son günü,

hələ kal...

***

havada qalacaq, söz qanadsızsa,

sözə qanad verin, qəlblərə ensin...

***

gələcəkdən od tutub keçmişdə yanan

adam...

***

nə dağ altındasan, nə daş altında,

qorxu altındasan, ürkür atın da...

***

nəhayət, böyük bir çətinliklə,

daşdan daş ayrılar kimi

səhər açıldı...

***

əyilib, əyilib

alnımı yerə vurdum

balaca uşağın qarşısında...

***

rənglərdə gizlətmək rəsmi,

sətirlərdə sözü,

səsdə mahnını

nəfəsdə ahı gizlədər kimi...

***

gözüm, əlim ol ki,

gördüklərimdən özümə nəsə götürə bilim...

ayağım, əlim ol ki,

bir yoldan tutub gedim, gedim

yaxşılıqlara

yamanlıqlara inad...

dilim, əlim ol ki,

qulaqdan qulağa ancaq xoş xəbərlər alıb

aparım...

***

Bir şeir;

tərkibi təbiidir, heç bir qarışığı yox...

***

Bir başıma qaldığımı,

kimsəsiz bir adaya atıldığımı sanıram,

Robinzon, salam...

***

İpi dolanıb boğazlara həyatın,

dərdlər bağlayıb qarın...

***

çiskinli hava;

yamyaşdı

qurumuş budaqlar...