Rüstəm Behrudi  - ƏLİZADƏ NURİNİN DOĞUM GÜNÜNƏ

YAZARLAR 12:00 / 28.12.2024 Baxış sayı: 534

 

 

Əzizim ƏLİZADƏ!

Bu gün sənin doğum günündür. Sənə, və səni sən eyləyən söz haqqında bir şeylər söyləmək zorundayam:

Mənə elə gəlir ki, Tanrı göy üzünü ulduzlarla bəzəməsəydi, göy üzü çox qorxulu və sirli olardı. Heç kim də göy üzünə üz tutub dua oxumazdı.

İçimiz göy üzündən böyükdü bizim.

Nə yaxşı ki, içimizdəki göy üzünü bəzəyən işıqlandıran söz var. Və nə yaxşı ki, içimizdəki göy üzünü işıqlandıran ona ayna tutan sən varsan!

Hamıdan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Adamlara yem olunca,

Olasan yalquzaqlara.

(Ə.Nuri)

Hamıdan çıxıb çox-çox uzaqlara getmək istəyinin ağrı və acısı poeziyamızın minillik təcrübəsidi əslində. Sən bu təcrübəyə yiyələnmiş, onu başqalarına da öyrədəcək müəllimsən artıq.

Sənin neçə yaşda olduğunu bilmirəm, doğrusu. Ancaq tanış olduğumuz 25-30 il ərzində sən sözünlə, şeirlərinlə özündən və yaşından böyük olmusan həmişə.

Haqq olsaydı,haqq çıxardım,

Qaranlıqdan ağ çıxardım,

Bu gecədən sağ çıxardım,

Yanımda bir şam olmadı.

Dərd eləmə,qaranlıqların içində sən özün bir şamsan artıq! Dərd eləmə "İnsan qızıl tozu kimidi,əyarı gec bilinər" (Ə.Nuri)

Mənə görə, şairlik bütün həyatın boyu özünə bənzər bir adam axtarmaq, sonunda da onu tapmamaqdı. Heç tapmayacaqsan da! Çünki sən böyük mənada şairsən!

Nə vaxtsa yazmışdım ki, Tanrının göy üzündə olmadığını bilə-bilə onun görünməyini istəmək dəlilikdi əslində...

Mənim sevdiyim bütün şairlər dəlidi!

Dəliliyin mübarək!

Doğum günün qutlu olsun!