Şakir Xanhüseyn : - OD BİRİ, SU BİRİ

Ədəbiyyat 10:47 / 05.12.2024 Baxış sayı: 1120

 

Gül yarpağı üstündəki şehə bax,

sevindinmi nəm görüb kirpiyimdə...

Nə üçündü əlindəki o bıçaq,

sancılmamış ağrısı kürəyimdə...

 

Söz götürə, çəkə bilmir hər yetən,

sıra bilmir, cərgə bilmir hər yetən...

Arxasınca qaçdığına kim yetər,

bir yaxşı bax kim kimin yedəyində...

 

Səy oturub səy dolanır səy adam,

sən eləcə boşu dolu say, adam...

Nə düşünüb-daşınırsan, ay adam,

dünya necə ələnir ələyində...

 

Dindirirsən od biridi, su biri,

tamahlarda qa biridi, qu biri...

Sərələnib ayaqlara çul biri;

heç nə imiş nər gücü biləyində...