Şakir Xanhüseyn : -  BİLSƏN, BİLSƏN

Ədəbiyyat 21:00 / 08.12.2024 Baxış sayı: 824

 

Kaş böyürdən kölgən düşə,

çaşıb qalam birdən, birdən,

Alam tanış bir səs ilə

bir xoş salam birdən, birdən...

 

Yaz adımı ovucuna-

nəqş elə son xatirətək,

Xəbər göndər küləklərdən,

olam aram birdən, birdən...

 

Pərdə çəkilə gözümdən

görəm ki, nə aydınlıqmış,

Günlərimin ağı sən ey

gözü qaram, birdən, birdən...

 

Səndən bir gün soraq gələ,

aşıb keçəm hər əngəli,

Dönə yaşıl bir vadiyə

quru səhram birdən, birdən...

 

Enməyib göy aləmindən

üzmərəm heç ayaq yerdən ,

Yanmaq nədir, külümdən dağ

ucaldaram bilsən, bilsən...