Ruhun sevindiyi gün- yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 08:04 / 07.12.2024 Baxış sayı: 2222

 

Dünən, yəni dekabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda narahat bir ruhun dinclik tapdığının şahidi oldum. Belə ki, Sovet rejiminin günahlandırıb 8 il azadlıqdan məhrum etdiyi dəyərli bir yazıçımızın sözünün işığına yığışanlar, yəni bizlər bu klubda onun barəsində söylənilən fikirlərin, adıçəkilən yetmiş kitabının və bir də ədəbiyyatımıza, xalqımıza özünün və ailəsinin xidmətlərinin miqyasını ifadə etməyə çalışırdılar. Amma bütün bu deyilənlərin içərisində mənim üçün yəqin ki, elə mərhum yazıçımız İsmayıl Qarayevin doğmalarının da daha çox önəm verdiyi bir məqam vardı. O da yazıçının Anım və kitablarının təqdimat gününü məhz burada – yəni Natəvan klubunda keçirilməsi idi.

Bunu ona görə xüsusi vurğulayıram ki, bu yaddaqalan tədbirdə AYB-nin rəhbərliyi başda hörmətli xalq yazıçımız Çingiz Abdullayev olmaqla çox yüksək səviyyədə təmsil olunurdu. Tədbiri söz adamlarının, ədəbiyyatsevərlərin yaxşı tanıdığı, gənc yaşından artıq istedadının və sözə yanaşmasının mükəmməl tutumunu təsdiq etmiş ədəbiyyatşünas, tənqidçi, eyni zamanda bir çox şeir və publisist yazıların müəllifi Əsəd Cahangir idarə edirdi. Onun giriş nitqi İsmayıl Qarayevi həm onu tanıyanlara, həm də tanımayanlara sözün böyük mənasında yaxşı tanıtdı. Demək olar ki, bu çıxış bütün tədbir boyu elə bir aura yaratmışdı ki, hər kəs mütləq Əsəd bəyin fikrinə istinad edirdi və vurğulayırdı ki, Əsəd Cahangir İsmayıl Qarayevi bizə bildiyimizdən də yüksək səviyyədə tanıtdı və sevdirdi. Xüsusi olaraq xalq şairi Nəriman Həsənzadə, eləcə də AYB-nin katibləri Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, həmçinin dəyərli şairimiz Vaqif Bəhmənli İsmayıl Qarayevlə bağlı ürək sözlərini dilə gətirərkən mənim toxunduğum məqamı xüsusi vurğu ilə nəzərə çatdırdılar.

Təkcə ədəbiyyat adamlarının deyil, eləcə də elm, mədəniyyət xadimlərinin, xüsusilə adi oxucuların da qatıldığı bu tədbirdə mənim üçün yaddaqalan məqamlardan biri bu oldu ki, hər kəs çıxışında Sovet rejiminin İsmayıl Qarayevə etdiyi haqsızlığı, ədalətsizliyi dilə gətirirdi və bir də hər kəs İsmayıl Qarayevin övladlarının, xüsusilə indi cənnətdə olan oğlanları Qoşqar və Savalan Qarayevlərin təkcə öz ataları üçün deyil, həm də Azərbycan ədəbiyyatı üçün göstərdikləri xidmətləri böyük sayqı və sevgi ilə vurğulayırdılar. Məhz bu oğulların sayəsində İsmayıl Qarayevin (sovet  dönəmində  doqquz kitabı  çap olunmuşdu- Ə.M.) həbsdən sonrakı yaşadığı ömür kəsiyində  70-dən artıq kitabın da işıq üzü görməsi reallığa çevrilmişdi.

Xatirələrini söyləyən şair, yazıçı, tərcüməçi, çox dəyərli ziyalımız və dostum Kamran Nəzirli vurğuladı ki, İsmayıl Qarayevi həbsxanada ziyarət edən unudulmaz şairimiz, əsl dost, qayğıkeş insan və böyük ürək sahibi olan Şahmar Əkbərzadə mərhum yazıçımızın həbsxanada ona verdiyi  «qara dəftər»ləri  bu gün haqq dünyasında olan unudulmaz yazıçımız Şamil Xurşuda çatdırdı. Həmin hadisənin canlı şahidi kimi «mən gördüm ki, Şamil müəllim o qara dəftərləri necə böyük qayğı ilə qəbul etdi və üzünü mənə tutub dedi ki, "Kamran, bunları dolabın gözünə qoy, işdi İsmayıl həbsdən çıxana qədər mən dünyadan köçsəm onda özünə qaytararsan. Əks halda övladları ilə əlaqə saxlayıb onlara verərsən» dedi. Bu kövrək xatirə bizi duyğulandırdığı kimi həm də bir gerçəyi bizə açmış oldu. Yəni Kamran Nəzirli vurğuladı ki, bax, həmin qara dəftərlər indi qarşımızda olan roman, povest və hekayələr idi.

Anım və təqdimat mərasimində çıxış edən yazıçı-dramaturq Firuz Mustafa  şəxsən tanıdığı və unudulmaz yazıçımız Nahid Hacızadənin sayəsində, hətta çörək kəsdiyi İsmayıl Qarayevin «bütöv bir kişi» obrazını bizə təqdim etdi. Onunla söhbətlərini dilə gətirdi. Ümumiyyətlə, bu tədbirdə yazıçı-publisist Xeyrəddin Qocanın, şair Zahid Xəlilin, dəyərli elm adamımız professor Vaqif Abbasovun, nəğməkar şairəmiz Kəmalə Abıyevanın və digərlərinin bir-birindən maraqlı və yaddaqalan fikirləri şəxsən mənim üçün İsmayıl Qarayevin ruhu qarşısında bir etirafın, bir unudulmazlığın ifadəsi idi.

Mən bu tədbirdə özüm üçün bir nüansı da dəqiqləşdirdim. Yəni düşündüm və inandım ki, İsmayıl Qarayevin anım gününü və kitabların təqdimatı AYB tərəfindən Natəvan klubunda keçirilməsi həm də müəyyən mənada İsmayıl Qarayevdən edilən bir üzrxahlıqdır. Yəni, bu addımla zamanında haqqını, hüququnu qoruya bilmədikləri bir yazıçının qarşısında üzvü olduğu təşkilat yumşaq desək öz «günahını» yumuş oldu. Bəlkə də düşünə bilərsiniz ki, sovet rejimi kimdənsə çəkinən və yaxud üzr istəyən rejim deyildi. Amma bütün hallarda yeddi  kitab müəllifini və sayılan yazıçını həbs etmək, yazıçılar təşkilatının üzvlüyündən çıxartmaq, kitablarının nəşrinə icazə verməmək… Bax, bunların özünə qarşı tam sükuta dalmaq da məncə həmin illərdə yazıçılar təşkilatına rəhbərlik edənlərin və rəhbərlikdə təmsil olunanların aşkar  yaxalarını kənara çəkmələri idi. Xalq şairlərindən birinin dediyi kimi, «Məndən ötdü…»

Dekabrın 4-də AYB-nin Natəvan klubunda yaddalaqan Anım və təqdimat keçirildi. Bu Anım və təqdimat İsmayıl Qarayevin layiqli varislərindən olan qızı Vəsimə İsmayılqızının yaxından iştirakı ilə gerçəkləşdi. Məhz Vəsimə xanım AYB-nin təşkilatçılığına ürəkdən qoşularaq atasının və dünyasını dəyişən doğmalarının ruhunu sevindirdi. Elə bu yerdəcə xatırladım ki, İsmayıl Qarayev həbsdən azad ediləndən sonra müəyyən müddət yaşasa da onu görməməzliyə vuranlar yalnız 1993-cü ildə o haqq dünyasına qovuşandan xeyli sonra övladlarını, xüsusilə Qoşqar İsmayıloğlunu xatırlatmaları ilə AYB-nin üzvlüyünə qaytarıldı. Onun Yazıçılar Birliyində təmsil olunmaq haqqı təsdiqləndi.

Bax, bütün bunların, yəni baş verənlərin fonunda İsmayıl Qarayevin ruhu doğum günü ərəfəsində (o, dekabr ayının 5-də dünyaya gəlib – Ə.M.) AYB-nin binasında, Natəvan klubunda dərindən nəfəs alıb rahatlandı. Ruhun şad olsun, İsmayıl Qarayev!

     

MƏDƏNİYYƏT