Rafiq Yusifoğlu : - DÜNYANIN İQLİMİ

Ədəbiyyat 17:09 / 11.11.2024 Baxış sayı: 910

 

Artıb yer üzünün dərdi-mərəzi,

Boyverməz dəryalar olubdur dayaz.

Elə bil pozulub mizan-tərəzi,

Nə qışımız qışdı, nə yazımız yaz.

 

Qədrini bilmirik yer kürəmizin,

Göyə buraxırıq tüstünü, hisi...

Suyu zəhər olub çayın, dənizin.

Saralıb dünyanın bəti-bənizi..

 

Oğullar azalır, qızlar qarıyır,

Tamah çoxaldıqca, iman sozalır,

Bulaqlar quruyur, çaylar quruyur,

Dünyanın üzünün suyu azalır...

 

Çiçəklər tərk edir yamacı, düzü,

Qayıtmaq istəmir quş da yuvaya.

Tüstünün əlindən buludlar bezib,

Ciyər həsrət qalıb təmiz havaya...

 

Dərdlərin əlində acizik hələ,

Qurtula bilmirik dərddən, yaradan...

Tufanla, sel ilə, zəlzələ ilə.

Xəbərdar eləyur bizi Yaradan...

 

Qiyamət öndədir, bu nədir hələ?

Dünyanın üzünə qaranlıq çökür.

Arabir iqlimi dəyişmək ilə

Tanrı bəndələri sınağa çəkir.

 

Napakdan ayırıb təmizi, pakı

Bəşər haqq uğrunda döyüşə bəlkə?

İqlim paytaxtına çevrilən Bakı

Dünyada iqlimi dəyişə bəlkə?

 

Niyə son qoymuruq hərbə, davaya?

Yetməzmi bu qədər ağrı-acılar?

Anamız dünyanın təmiz havaya,

Bəşərin saflığa ehtiyacı var...

11.11.2024