QƏZƏNFƏR BƏXTİYAR : - .SİZ DƏ GƏLDİ-GEDƏRİSİZ DÜNYANIN.

Ədəbiyyat 09:40 / 27.03.2025 Baxış sayı: 766

 

Gözəl dünyamızın ey bəd kəsləri,

Nədən pozursunuz onun nizamın?

Viran edib neçə abad elləri,

Sövq edirsiz çəkişməyə hər yanın.

-----------------------------

İnsan yaranıbdı insanı sevə,

Yaranmayıb bir-birini məhv edə,

Hər yanda qalmaqal, qan, qorxu, hədə,

Bu böyük günahdır duyun, anlayın.

------------------------------

Çox ağıllı başlar cəm olsa belə ,

Bir canlı yarada bilməyib hələ,

Göz dikməyin yad elə, yad vətənə,

Belə fikirlərdən uzaq dayanın.

------------------------------

Axırı yox pis işin, pis əməlin,

Bəsdir, yetər Haqqın yoluna gəlin,

Bir gün şərtsiz ödəyərsiz bədəlin,

Siz bəşərə vurduğunuz ziyanın.

-------------------------------

Silahı yox, ağlı siz işə salın,

Kini-küdurəti qəlblərdən atın,

Sülhə meyl eyləyin həm unutmayın,

Siz də gəldi-gedərisiz dünyanın.