Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəm şəcərəsi)

Ədəbiyyat 08:20 / 28.03.2025 Baxış sayı: 1029

 

Məf'Ulün məf'Ulü məf'Ulü fə'Ul

+++

Bir dərdim dilləndi, yar oldu dəva,

Odlandım köksümdə nar oldu dəva.

Dərmansız könlümdə eşq atəşi var,

Loğmandan həb gəldi, xar oldu dəva.

+++

Zülfümdən tel aldı bir badi-səba,

Qəlbimdən od çaldı bir badi-səba.

Yar, oxdan sən çəkdin ayrıldı kaman,

Tərpəndim yumşaldı bir badi-səba.

+++

Sən verdin aləmdə bir canı, Xuda,

Öldürməz bir Tanrı qurbanı, Xuda.

Köksündən mirvarı yığdın sən onun,

Dərya qərq etməz ki, mərcanı, Xuda.

+++

Yar hicran göndərdi, çəkdirdi cəfa,

Ruhum ev tikmişdi, çökdürdü cəfa.

Hərdən me'mar oldu köksümdə ürək,

Mən qaldım eyvanda, sökdürdü cəfa.

+++

Bülbüllər gülşəndə görmüşdü səfa,

Allah bir bağbandı, vermişdi səfa.

Aldanmış qönçəylə əylənməsə xar,

Zülfündən bir çəngə hörmüşdü səfa.