Lətafət Abiyevadan MARAQLI YOZUM

Ədəbiyyat 14:43 / 08.12.2024 Baxış sayı: 968

Bu ana kimi bu gün gündəmdə olan bir mövzuya sadəcə bir seyrçi kimi baxdım.

Baxdım və düşündüm. Əsrlər boyu biz insanlar nə üstdə didişirik, nə üçün didişirik? Bəs həqiqət (ədalət) deyilən o Varlıq nə zaman bu Yer üzündə birdəfəlik bərqərar olacaqdır, dəyişməz bir mövqedə, Zirvədə duracaqdır? Nə vaxta kimi həqiqətin yollarımıza (beynimizə) düşmədiyi işığına sarı yüyürüb bu qaranlıq yollarda saysız "toqquşmalardan" zədə alacayıq?

Səhnələr biri-birini əvəz edir: bir yanda küdurət, qəzəb, üsyankarlıq, bir yanda bəraət, regionizm (ən sağalmaz xəstəliyimiz!), kimlərəsə xoş gəlməkdən ötrü şəxsi məramların "sərgilənməsi"(!!!) və s. və i. Kimin haqlı, kimin haqsız olduğu isə sual altındadır. Çünki bu həyatda hamı özünü haqlı sayır, hər kəs öz fikirlərinin doğru olduğunu düşünür, hər kəs söylədiklərinin ədalət və həqiqət olduğu düşüncəsindədir. (Və ən ağrılısı isə, hətta bəzi şəxsi məramlardan, kiminsə könlünə yol tapmaqdan ötrü bu gündən girəvə kimi istifadə edilməsidir...)

Bəs HƏQİQƏT? ƏDALƏT niyə susur? Kaş ki, ədalət günəş misallı olardı. Mütləq bir doğuş nöqtəsi, dəyişməz bir qiyafəsi olardı. O zaman düşüncələrin qarışıq rənglərində, inkar və təsdiqin yaratdığı təzadın səs-küyündə, saysız fikirlərin axınında (mücərrəd qənaətində) dünya da boğulmazdı. Son sözü, son qərarı Ədalət və Həqiqət deyərdi. Yaşadığımız bu Yer üzündə kaş, ikicə hakim olaydı: Ədalət və Həqiqət! O zaman düşüncələrimiz də, ruhumuz da, əməllərimiz də, hətta gecələrimiz də gündüzlər qədər aydın və işıqlı olardı.юю

Kaş ki...