İSMAYIL MƏRCANLI İMANZADƏ : - QORXMA, MƏLƏKDİ GƏLƏN
Tanrıdan yoxsa əlac,
Dərddən ha gizlən, ha qaç.
Qollarını geniş aç-
Arzu-diləkdi gələn.
Hər saralan dən deyil,
Bəxt adam sevən deyil.
Bəlkə heç kəfən deyil-
Bəlkə bələkdi gələn?
Sel gəlsə, demə arx var,
Təpədən qabaq dağ var.
Hələ yağışa çox var-
Hələ küləkdi gələn.
Gedənlər dönməz geri,
Bu bir ilahi sirri.
Ölümün üstə yeri -
Qorxma, mələkdi gələn.