Elnur Uğur Abdiyev : - ŞEİRLƏR

Ədəbiyyat 11:32 / 13.07.2024 Baxış sayı: 4104

                     ***

Özümlə döyüşdə məğlub komandan,

Ölümlə savaşda qalib əsgərəm.

Sonacan ikili hərbdən,savaşdan,

Belə məğlub - qalib çıxmaq istərəm.

 

Şükür ki,xeyirə xərclənir gedir,

Tanrının verdiyi ömür avansı.

Həyatda çoxuna qismət olmayır,

Hər iki dünyada yaşamaq şansı.

 

Həyatı qazanmaq onun qisməti,

Özün uduzmaqdı ölü yaşamaq.

Yaşayıb ölənlər uduzanlardır,

Taleyi udmaqdı ölüb yaşamaq.

            ***

Laçın Nuhcan şəlaləsi

 

Gücünü göylərdən alır,

Laçın Nuhcan şəlaləsi.

Gav dərəsinə səs salır,

Laçın Nuhcan şəlaləsi.

 

Yuyub daşların üzünü,

Qayadan atır özünü.

Daşa yazır eşq sözünü,

Laçın Nuhcan şəlaləsi.

 

Laçında Quşçu kəndində,

Şəhid,qazi bu Vətəndə

Torpağı salıbdı bəndə,

Laçın Nuhcan şəlaləsi.

 

Sanki Şəhidlər hayqırır,

Hər hayqırtıda hay qırır.

Qartaltək göydə qıy vurur.

Laçın Nuhcan şəlaləsi.

 

Su deyil bu, eşqdir axır,

Hər damladan şəhid baxır.

Bütün şəlalələr şahı,

Laçın Nuhcan şəlaləsi.

                  ***

Yeddi möcüzəyə ad verənlərin,

Laçından xəbəri olsaydı əgər,

Elə ilk möcüzə,İlahi qüdrət,

Laçındı,Laçındı söyləyərdilər.

 

Cümlə Zəngəzurun vuran ürəyi,

Bütün Qarabağın atan damarı.

Laçını başqa cür yaradıb Allah-

Külli- kainatın o tək memarı.

 

Günəş hər sübh üzü sırmalanınca,

Bu dağdan o dağa nur seli axır.

Çaylar dərə boyu çımalamınca,

Sular sanki insan qəlbinə axır.

 

Qubadlıdan sonra Kəlbəcərədək,

Yollar tər qönçədi, güllər ətirdi,

Qonağı çiçəklə, güllə qarşılar,

Laçının gül üzlü o Güləbirdi.

Ardı olacaq