Əlisəfa Azayev :- HAKİM ÇIXILMAZLIĞI
Mədəniyyət və Turizm Nazirliyinin yerlərədə regionları yaradılanda çoxları bu qurumun müdiri olmaq həvəsinə düşdü... Balaca iş yeri deyildi. İndi bir şöbəyə rəhbərlikedirdisə, onda azından beş rayona baxacaqdı... Ancaq iş mətləb üstə gələndə haqq-hesabını çox ağır dedilər. Eləsinə əlli, eləsinə də lap ikiqat... Dadaş da geri çəkilmək həvəsində olana oxşamadı... Yetmiş min toplayıb yuxarı ötürə bildi...
Ancaq işləri düz gətirməyəndə çoxlarını günahlandırdı. Elə birinci növbədə rayon icra başçısını. Kişi onu müdafiə etməmişdi. Müavin yeri onu heç cür təmin etmirdi. Bundansa elə pulunu qaytarsaydılar daha yaxşı idi. Öz-özünə hərdən gileylənərdi: “Bu da sözdür?!. Gözlə... Ölmə eşşəyim, yonca bitər yeyərsən... Bəhanədir də...” Borclularisə onu əsl mənada divara dirəmişdilər.
Əvvəl müdir adam idi. Gündəlik üçdən-beşdən gəlirdi. İndi heç ona salam verən yox idi. Katibə qız çay gətirməyə də ara vermişdi. Yenə sağ olsun başçını, arada təzə region müdirinə bir müddət üz göstərmədi. İcra Hakimiyyətinə, onun tədbirlərinə o gedib-gələsi oldu. Ancaq sonradan dil tapan kimi oldular. Pulu nə bilirsən, o açmayan qapını fələk də aça bilməz. Oğlunun toyuna bir başqasını yox, elə onu çağırmışdı. O da hörmətini etdi də...
Dadaş belə işlərdə az-çox usta idi. Çıxış yolu tapmalı idi, tapdı da... Yadına düşdü ki, başçı rayona təzə gələndə, əsl mənada quruculuq işlərinə yenicə başlayanda ona da tapşırıq vermişdi... Bir neçə ailə üçün darvaza qapısı hazırlatmaq... Çox baha idi... Üçünə gücü çatdı... Hər biri iki min beş yüz manat pul tutdu...
Onda mərkəzi kitabxananın müdirini də yanına çağırıb həmin pula ortaq elədi. Mızıldananda dedi:
- Ə, kişi olun... Partiya tapşırığıdı da.
O, gülümsəyərək dilləndi:
- Müəllim, indi partiya hökuməti var?!
Qımışaraq dilləndi:
- Ə, bivec-bivec danışma mənə. Hamısı bir bezin qırağıdı da... Guya onda belə-belə işlərlə məşğul olmurduq?!.
- Yenə onda pərdəli idi...
- Söhbəti uzatma... Nə qədər kömək edə bilərsən?
- Baxım da...
- Nə qədər işçin, kitabxanaçın var. Bəyəm onlar hamısı işə gəlirlər?!.
- Onu düz deyirsiniz... Ancaq bəyəm pul verən var?!
- Çıxart tulla... Onda ağlı başlarına gələr.
Müdir donquldandı:
- Ey... Deyirsiz də... İndiki adamları bilmirsiz bəyəm?... Dürbir prokurorluğa, məhkəməyə müraciət edirlər.
- Ona görə ki, işləmirsiz də... İşləsəs, vaxtında hər şeyi rəsmiləşdirsəniz, belə anlarda da dil çıxartmaz, sakit olarlar.
- Necə rəsmiləşdirim ey... Bəyəm kitabxanaçı pambıq yığımına cəlb olunmalıdı?! Onlara baxanda adamın ürəyi ağrıyır... Qeyri-qanuni işlərdi də...
Müdir onun üstə çımxırdı:
- Sakit! Kövrəlmə!... Mənim üçün qayğıkeş, insanpərvər olub. Canı çıxsın vaxtında işə gəlib-getsinlər də... Bir də o nə şüardı kitabxananın qarşısına yazıb vurmusunuz? “Bir kitabxananın açılması, bir həbsxananın bağlanması deməkdi...”
- Kitab təbliğatına xidmət edən sözlərdi də. Hansısa dahi deyib... Ancaq mənim xəbərim yoxdu... Yəqin qızlar yazıb vurublar da...
Onun bu sözləri müdirə acıq getdi. Dedi:
- Ə, onu kim deyirsə qələt edir. Götürün o şüarı oradan. Sonra heç nədən bizi günahlandırırlar ki, gizli məqsədləriniz var. Bizi təqsirləndirmək istəyirsiniz. Ölkəni həbsxanaya çevirdiyimizə əminlik fikri yaratmaq istəyirsiniz...
- Doğrudan ey... Heç bunu mən fikirləşməmişəm.
- Sən iş yerində olursan ki, belə-belə şeylər də yadına düşə?! Belə getsə, haqqında fikirləşəsi olacağam...
- Sən Allah qoy pensiya vaxtım çatsın da... Ondan sonra etirazım yoxdur... Bir də ki, mənim medalım var axı... “Tərəqqi” medalı almışam.
Müdir yenə də qeyzlənən kimi oldu:
- İş mətləb üstə gələndə belə şeylərə çox da fikir vermirlər. Sən dövlətçiliyə qarşı çıxan hərəkətlər elə, yanlış şüarlar yazdır, de ki, mənə toxunan olmaz.
- Yaxşı-yaxşı başa düşdüm... Dəmir qapılarına kömək edərəm...
- Allaha şükür, başa düşdün...
Əlbəttə, indi bu söhbətlər arxada qalmışdı. Yaxşı deyirlər ki, quru ağacın üstündə o qədər yaş budaqlar doğranıb ki... Beləcə kitabxana müdiri öz işində qalmış, o, vəzifəsindən kənarlaşdırılmışdı...
Ancaq son vaxtlar onunku da düz gətirmirdi... Təzə müdir, yola salmaq üçün yüz bəhanə axtarırdı. Bir gün də istəyinə nail oldu. Onu da nə qınayasan, çəkdiyi xərci çıxartmalı idi də... Ancaq haqqı, pul-para ilə arası yox idi. Heç kimdən təmənna güdmürdü... Di gəl ki, kitabxana müdirinə ilişdi də... Nə qədər yuxarı yazıb-pozsa, xahişnamə məktubu yazsa da, medalı da ona kömək etmədi.
Həmin gün sabiq müdir hakimin yanına gəldi. Katib dedi:
- Hakimin başı çox qarışıqdır, işə baxır.
Dadaş onun bu sözlərindən lap inciyən kimi oldu. Dedi:
- Ə, bu nə sözdü?!. İşdən çıxmışam deyə məni qəbul etməyəcək?
- Yox ey...
- Onda sən de, gerisi ilə işin yoxdur.
Katib əlacsız halda otağına keçdi ki, heç olmasa telefonla hakimə bir söz desin. Dadaş onun köhnə dostlarından idi. Özü demişkən, o qədər alım-verimləri olmuşdu ki. O, dəstəyi qaldıranda hakimin qəzəbli səsini eşitdi:
- Ə, qanmaz, bilmirsən ki, işə baxıram?! Müşavirə otağındayam axı...
- Dadaş gəlib... Təkid etdi...
Səhv elə ilk növbədə hakimin idi. Müşavirə otağında telefonu götürməməli idi. İndi daha iş-işdən keçmişdi. Bu sirri vəkil bilsəydi, baxdığı cinayət işinin nəticəsi təhlükə altında idi. Apellyasiya məhkəməsi ləğv edə bilərdi.
Dadaş hakimin otağına keçəndə onu öz yerində gördü. Soyuq salamlaşmadan sonra soruşdu:
- Əyləşə bilərəmmi?
- Buyurun...
Ona olan bu soyuq münasibəti də elə işdən çıxarılma hesabına yazaraq dilləndi:
- Cənab hakim, nahaq deməyiblər ki, qocalmış pələngin nəyinə milçək qonar... İşdən çıxarılmışam da, hamısı ona görədi...
Hakim onun bu sözlərindən incik halda dedi:
- Ə, nolub ki? Sən ki, işləyirsən... Müavin deyilsən?!.
- Allah kəssin belə işi. Ondansa elə olmasa yaxşıdı...
Hakim qımışdı:
- Vəzifə belədi də... Səbirli ol...
- Cəhənnəm iş, heç olmasın. Yuxarı veriləni də geri ala bilmirik, borclular əlində qalmışam...
Hakim sanki onun bu sözlərini eşitmədi... Eşitsə də, özünü eşitməzliyə vurdu. Dilləndi:
- Yaxşı, indi gəlməkdə xeyir ola? Yoxsa müavinlikdən də çıxmaq istəyirsən? Əmrini ləğv elətdirək?
- Bunu eləyə bilərsizsə, lap yaxşı...
- Ağıllı ol...
Dadaş dərdini danışası oldu:
- Bilirsiz də, başçı rayonda “gözəlləşdirmə” işləri aparanda, üç həyətə də dəmir qapıları mən qoymuşam... Öz hesabıma... Hər biri iki min beş yüz manat tuturdu...
- Hakim başını buladı, qımışdı:
- İndi onları geri almaq istəyirsən?!.
- Hə də... Az pul deyil ki... Vaxtında onlara yeddi min beş yüz manat pul vermişəm. Özü də pulun pul vaxtında... Yenə də kömək olar da mənə... Borclarımın bir hissəsini verərəm...
Hakim mızıldandı:
- İş tap... Bu çox çətin bir məsələdi. Müddət keçib... Belə işlərin mübahisələndirilməsi bir, uzağı üç il müddətinə ola bilər.
- Mən eşitmişəm axı... On ilədək uzadıla bilər...
- Sənin istifadəndə, sərəncamında olsa idi... Ancaq yenə də bir iş görmək olar ey... Əyibdi axı, necə deyəsən ki, bu dəmir qapı mənimdi.
- Niyə demirəm ki?...
Dadaş o gün hakimin qəbulundan pis-pis çıxıb, üz tutdu həmin dəmir qapını qoydurduğu evlərin həyətlərinə. Birinci evin sahibi onu çox sakit, etiramla qarşıladı. Hətta dedi:
- Nə deyirəm ki...
İkinci qapının sakini ona bir bozarmaq-bozardı... Bir abır verdi ki:
- Utanmırsınız da!... İndi bizim qapıdan bunu çıxardıb aparacaqsınız da!... Vaxtında o qədər lom-lom udmusuz, rüşvət almısız ki!... Olmasın bu pullar!...
Üçüncü qapının sakini, demə, lap başdanxarabın biri, veteran imiş. Onu lap əl qaldırıb vurdu da:
- Çıx qapıdan, əclaf! Sözlərinə bax! Mənə xox gəlir!.. Mənim qapımı çıxaran anasından olmayıb!...
İş beləcə lap böyük mübahisəyə çevrildi. Başçı səviyyəsində müzakirəyə çevrildi... Dadaşa da Dadaş deyərlər. Acığa elə o gün vəkilin yanına gedib, sicilləmə bir iddia ərizəsi yazdırmaqla, hakimi əsl mənada çıxılmaz bir vəziyyətə saldı... Yenə də əllə versəydi, qeydiyyata almazdılar... Poçtla göndərmişdi, əlində qəbzi vardı...
Hakim əlacsız qalıb, üz tutdu icra başçısının yanına. Onu razı sala bilsəydi, bir qərar verərdi. Sonrasını özləri bilərdi. Necə deyərlər, sümük qabaqlarında, boğuşsunlar da... Ancaq icra başçısı gəlişinin məqsədindən duyuq düşəndə dedi:
- Bu əclaf oğlu, mənə rüşvət verib, indi pul tələb edir?! Gedib yuxarı ilə danışsın da...
Hakim söhbətdə aydınlıq yaratmağa çalışdı:
- Yox ey, dəmir qapıların davasını eyləyir... On min manat təzminat istəyir.
- Yəni bu qapılar belə çox tutubmuş?
- İki min beş yüz manatdan cəmi yeddi min beş yüz manat... Qalanı da yəqin ki, faizidi də...
Başçı lap əsəbiləşən, haldan çıxan kimi oldu:
- Ay evi yıxılmasın bunun... Camaat duyuq düşsə, şalvarımızı çıxaracaq... Bu fikirə hardan düşüb bu...
- Deyir ki, borcum var, verə bilmirəm də...
Başçı sanki hakimə yalvardı:
- Əsgər müəllim, ehtiyatlı ol... Bu tale məsələsidi... Bu işdə yumşaqlığa yol vermək olmaz. Kiçik bir qığılcım, partlayışa səbəb ola bilər. Hansı işimiz qaydasındadı ki?!.
Onlar bir süfrə arxasında əyləşəndə də, söhbət bu mövzuda idi. Rəis kükrədi:
- Ə, üz verməyin... Çox o yan-bu yan edər, tutub basaram içəri...
Prokuror qımışdı:
- Papiros çəkəndi... Cibinə də ondan-bundan atarsan...
Başçı etiraz etdi:
- Yox-yox... Beləcə işləri qəlizləşdirmək olmaz. Onların tayfasını tanıyıram... Qarşılarında durmaq olmaz...
- Onda bəs nə edək?..
- Hakim cərimələsin?..
Hakim yaxşı bilirdi ki, belə ziyafətlər loxma yox, əsl mənada elə boğma olur onun üçün. Dedi:
- Başçı deyəndən sonra nə edə bilərik ki?!.
Onun bu sözlərinə gülüşdülər. Başçı imkanı əldən vermək istəmədi. Dedi:
- Onsuz da bu işin əziyyətin elə hakim çəkəcək...
Demək olar ki, həmin gecəni hakim yatmadı. Heç nədən onu beləcə yükləmişdilər. Bilmirdi ki, nə qərara, fikrə gəlsin. Əsl hakim çıxılmazlığı idi də. Görüşəndə Dadaş da bir yandan qanını qaraltdı:
- Yoxsa düz demirəm, o nə idi?! İcranın qarşısındakı piketdə, mitinqdə odlu-alovlu danışırdınız. Siz hakimsiniz axı!... Camaat əmək haqqı, pul, un davası edir, siz demokratiyadan söhbət salmışdınız!... Cəmiyyəti iki yerə bölməyə çalışırdınız!... Demokratlara, anti-demokratlara!...
İndi belə bir adamı yola vermək onun üçün çox çətin olacaqdı. Rəislə, prokuror da belədirlər də... Çətin anda çəkilib dururlar kənarda. Yenə də Allah öz ağlına, iradəsinə versin, bir qərara gələ bilsin... Bir gün Dadaşı yanına çağırıb dedi:
- Heç uşaqlığın yadına düşür?
- Hərdən...
- Siçan-pişik oynadığınız vaxtlar necə?...
- Belə də...
- Ə, bu həyatda da oyunun şərtləri var, gərək onlara əməl edəsən...
Dadaş arada kükrəyən kimi oldu:
- Yoxsa, indi məni borclu çıxaracaqsınız?!.
- Yox ey... Başçı sənə vaxtında hörmət edəndə, yaxşı idi, indi pis?!...
- Başçı müdafiə edən olmusunuz?!. Qərarınızı verin, pulumu alım da... And olsun Allaha yoxsa gedib, həmin darvazaları həyətdən çıxaracağıq!...
Hakim də bu an sərtləşən kimi oldu:
- Belə yersiz hərəkət edib, kimə pislik edəcəksən?!. İlk növbədə özünə!... Tutub basacaqlar içəri!...
- Bəs sən haradasan?! Qardaş deyilsən?!
Hakim onun bu sözlərinə laqeyd halda əlini yellədi:
- Ey... Bütün bunlar elə sənin hüquqi biliklərinin az olmasından irəli gəlir... Götür-qoy edə bilmir, tayfana, qoluzorlularına arxalanırsan... Bir vaxtlar çoxları sənin kimi fikirləşib...
Dadaş geri çəkilmək fikrində deyildi:
- Onda nə edək?!. Ölək deyirsən də!... Bəs hüquqi dövlət yaratdığınızı deyirsiniz!... Avropa dəyərlərindən danışırsınız! Deməli, hamısı boş şey, hava “vozdux” imiş də?!.
- Niyə?!... İnkşaf var! Sən bunu görə bilmirsənbəs, gözlərin tutulub, mən nə edim?!
- Bu da mənim sivil hakimim! Gör kimləri müdafiə edir. Rüşvətxorları, yaramazları!
- Onun ən böyüyü elə yanımda dayanıb ki!.. Elə onda ilk növbədə sizdən başlayam gərək...
- Başçıdan...
- Bu çox ağır daşdır...
- Onda de ki, yıxıl öl də...
Hakim mızıldandı:
- Sən işdə udsan, lap bərkə düşər, o dəmir qapıları aparsan, bəs onların yeri boş qalacaq?!. Camaat bizə nə deyər?!.
- Desinlər də!..
- Yox... Belə olmaz... Bu işi kimsə görməlidi...
- İndi də imkansızlıqdı! Büdcədən bu kimi işlərə ildə nə qədər pul ayrılır, qoysunlar da!...
- Deyirsən də... Yazıq başçı sarısını udub...
- Yox, birdən qüssədən ölər!...
- Deyirsən ki, ölməz?!.
Onlar belə qarşılıqlı razılığa gələ bilsələr də, vaxtaşırı bu xoşa gəlməz söhbət ortalığa çıxır, qanlarını qaraldırdı. Dadaş hər yanda deyib- danışır, özünü öyürdü ki, onların ipucusu onun əlindədi...