Ələsgər ƏLİOĞLU : -GƏL GÖRÜM, GƏL GÖRÜM, ALAGÖZ YAĞIŞ

Ədəbiyyat 14:24 / 27.03.2025 Baxış sayı: 953

 

Gəl görüm, gəl görüm, alagöz yağış,

Gətir çölə-düzə üzağlığı sən.

Qardan yarıtmadı bizi ötən qış,

Dənlə damcı-damcı quraqlığı sən.

 

Gəl görüm, gəl görüm, alagöz yağış,

Torpağın canına hop sıza-sıza.

Bağ-bağçadan yapış,

Çəməndən yapış,

Bənövşə donunda çıx qarşımışa.

 

Gəl görüm, gəl görüm, alagöz yağış,

Sən doğan günəşin düş ayağına.

Göylərdən əl götür, göylərdən yığış,

Dağların, daşların çat sorağına...

 

Gəl görüm, gəl görüm, alagöz yağış,

. Sən yerə endikcə qalxar-qiymətin.

Torpağa düşməsin bir çat, bir qırış,

Başla, himini qoy bar-bərəkətin!

Gəl görüm, gəl görüm, alagöz yağış!..

26.03.2025