Əbülfət Mədətoğlu -  “Unudulmaq qorxusu” hamımızda var

YAZARLAR 14:05 / 10.12.2025 Baxış sayı: 1053



Xeyli vaxtdır ki, yazı masamın üzərində bir kitab var. Qalın və nəfis şəkildə çap olunmuş bir kitab. Kənardan baxanda elə bilirsən ki, yəqin çəkisi bir xeyli ağır olar. Amma əlinə götürəndə o qədər yüngül gəlir ki, onun səhifələrinin sayı ilə heç uyğunluq yaratmır. Bunu ona görə xüsusi önə çəkirəm ki, öncədən ağlıma gələn bir fikrin yanlış olduğunu sonradan o çəkisi yüngül olan kitab məni inandırdı. Başa düşdüm ki, bu kitabın içərisindəki duyğular, hisslər, fikirlər, hadisələr – bir sözlə, bir yazar dostumun yaradıcılığının bəhrəsi  həqiqətən sanballı imiş. Özü də mənə müəyyən yaşamı, müəyyən zamanı xatırladan yenidən o illərə çəkib aparan bir güc var idi  bu kitabda...
    “Unudulmaq qorxusu” romanı təqribən bir ay bundan öncə işıq üzü görüb. Müəllifi tanınmış yazar, həm də mənim könül dostum  Fazil Sənandır. Onun özəl həyatı mənə bəlli olduğundan hər kitabının, hər yeni əsərinin bir xatirəsinin bədii forması kimi qəbul edirəm. Nədənsə içimdə bir inam var ona. Özüm-özümdə birmənalı şəkildə qəbul etmişəm ki, Fazil Sənan həyatını, ömür yolunu, bu həyata baxışını sakit bir şəkildə heç hara, heç nə üçün tələsmədən hekayəyə, povestə romana çevirir.
Özü də burada ən maraqlı olanı odur ki, onun qələmində pafos yoxdur. Sadəcə bir elat şirinliyi var. Elə bilirsən ki, Mil düzünün bir guşəsində, bir söyüd ağacının altında, lap elə Xan qızı arxının üstündə üz-üzə, göz- gözə oturub söhbət edirsən. Yazıçı Fazil Sənan özünün soyundan, kökündən pedaqoji fəaliyyətindən, ilk qələm təcrübələrindən, övladlarından, dostlarından sənə danışır. Kənd-kəsəyindən söhbət açır. Söhbət o qədər şirin, o qədər rahatlıq verici olur ki, siqaret yandırmaq da, əlini soyuyan çayına uzatmaq da yadından çıxır. Axı danışan Fazil Sənandır. Dinləyən də mən.Romanın əsas  mövzusu Qarışıq   və Qarşılıqlı SEVGİDİR! Bütövlükdə sosial  həyat, yəni məişətdi...

Deməli, biz ikimiz eyni anda həmin o yaşamın içində oluruq. Sağollaşıb ayrılanda yenidən qayıdırıq bu günə. Bu günə gələndə isə mən özümlə Fazil Sənanın qəhrəmanlarını da gətirirəm. Onun qələmə aldığı povestin, hekayənin romanın bütünlüyünü də  elə son görüşümüzdə də hələ mətbəə qoxusu canından çıxmağa imkan tapmamış kitabını da mənə bağışlayanda mən bütün bu yazdıqlarımı onunla birlikdə, necə deyərlər, bölüşdüm, yaşadım. O, Gəncəyə getdi, mən isə onun “Unudulmaq qorxusu” romanı ilə əl-ələ tutub Masazıra…
     İndi tam səmimiyyətlə, necə deyərlər, əlimi ürəyimin üstə qoyub demək istəyirəm ki, bu romanı tələsmədən, yorulanda, işdən, həyatdan, çevrəmdən incik düşəndə oxudum. Çünki o roman məni ötən əsrin 80-ci illərinə, yəni gəncliyimə aparırdı. Ona görə də birnəfəsə oxumaq istəmirdim. Hər 10-15 vərəqdən sonra kitabı qatlayıb, yazı masamın sağ küncünə - öz yerinə qoyurdum. Bilirdim, hətta buna əmin idim  ki, Fazil Sənan məndən romanla bağlı fikir gözləyir.  Mən də arada bir dəfə ona telefonla fikir bildirirmiş kimi bir “həmlə” etdim:
Qağa, sən Sovet hökumətinə nə vermisən, ala bilmirsən? Sovet müəllimini niyə “Don Juan” etmisən, niyə əxlaqını, məişətini qılınclamısan?
Fazil Sənan da gülərək özünəməxsus təmkinlə:
-Qağa, bildim. Oxuyursan romanı. Gözləyəcəm...
Böyük həvəslə, zövq ala-ala oxuduğum roman bütövlükdə Asim müəllimin sevgi macəralarıdır. Özü də həyata özəl baxışı olan savadlı, məqsədli, məramlı, halal çörək qazanıb-yeməyi hər şeydən üstün tutan bir müəllimdir. Elə dilində desək, kiminsə toyuğuna daş atmayan, kiminsə haqqına girməyən bir ziyalıdır. Hətta respublikanın ən mötəbər mətbu orqanında barəsində geniş məqalə yazılmış bir müəllimdir. Pambıq yığımında şagirdləri ilə səhərdən-axşama çiyin-çiyinə işləyən, onlarla birlikdə çörək yeyən, su içən, digər müəllimlər kimi özünü söyüd kölgəsinə verməyən bir ziyalıdır. Ona görə də şagirdlərinin də sevgisini qazanan bir müəllimdir.
   Asim müəllim təkcə çalışdığı məktəbdə deyil, yaşadığı kənddə və rayonda da nüfuz sahibidir. O, komsomol fəalı kimi qurultayda çıxış etmək haqqı da qazanıb. Qazandığı diqqət, sayğı onun “Raykom”a partiya işinə aparılmasına, buradan isə Moskvada ali partiya məktəbinin tələbəsi olmasına yol açır. Təhsilini başa vurub Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində şöbə müdirinin müavini olur. Anası fəxrlə oğlunun boyunu sevir, bütün kənd, rayon onunla qürur duyur. Bütün bu yüksəlişlər onun əxlaqını dəyişmir. Sadəliyi, səmimiyyəti olduğu kimi qalır. Vəzifəsinə edilən hörmətə görə də burnunu dik tutmur. Çünki o, zəhmət hesabına, əliqabarlı bir ailədən həyat yoluna başlayıb.
    Amma Asim müəllim bir gənc kimi, bir kişi kimi gözəlliyə, çevrəsindəki qadınlara laqeyd qalmırdı. O, ştrixləri, baxışları, naz- qəmzəni, hətta səsdəki incə nüansları da tuta bilirdi. Telefonla danışanda kənd sovetinin sədri olan, adı hər yerdə hallanan Şəhla xanımın niyə, nə üçün zəng etdiyini dərhal anlayırdı. Onun bütün istəklərinə qucaq açır. Bilə-bilə ki, adı kənddə bədnam olan Şəhla ilə onun ailə qurmasına valideynləri izn verməyəcək. Əks halda özü də bu cür qadınlarla evlənən kişilərin siyahısına düşə bilər. Amma həvəs, maraq, özünün də dediyi kimi, solmayan çiçəyin ətrini qoxlamaqdan uzaq tuta bilmir. Dəfələrlə bu xanımın qonağı olur. Hətta İsa bulağına yayın istisindən qorunmaq bəhanəsi ilə gedirlər. Kirayədə qaldıqları evdə Şəhla onu nişanlısı kimi təqdim edir. Asim isə ürəyində “darıxma, mənim kimin nişanlısı olduğumu görəcəksən”.
Asim Şəhla ilə münasibəti olduğu halda Şəhlanın məsləhətçisi, onun ən yaxın rəfiqəsi olan Könüllə də sevgi həyatı yaşayır. Lakin Könül daha tədbirli, daha ağıllı Asimin gələcəyini görən və sevən xanımdır. O, Asimlə rayon dairəsində yalnız rəsmi bir şəkildə davranır. İş otağının qapısını bağlayıb onun boynuna sarılanda da bildirir ki, səni necə sevdiyimi anama da demişəm, o da səni bəyənib. Özün bilirsən ki, mənimlə bağlı rayonda kimsə bir kəlmə də deməyib və deyə də bilməz. Adım, namusum hər şeydən üstündür.

Bəli, əslində  bu etiraflar və romandakı bütün mənzərə özü ilə həmyaşıd olan Könülü dəlicəsinə sevdiyini bir daha göstərir. Çünki Asim Könülün adı gələndə, səsi gələndə ona doğru bir dəli sevgi ilə, bir coşqu ilə can atırdı. Yazıçı Fazil Sənan onların sevgisinin qarşılıqlı və halal olduğunu bədii ştrixlərlə oxucuya elə çatdırır ki, şübhəyə yer qalmır. Digər tərəfdən Könül bir Azərbaycan xanımı kimi müdrik qərar qəbul etməyə də qadirdir. O, yalnız iş yerini Bakıya dəyişəndən sonra Asimlə kəbin kəsdirir, özü də Məsciddə. Vurğulayır ki, mən ona görə səninlə “zaks” idarəsinə getmirəm ki, sən partiya işçisisən. Adın “qara siyahı”ya düşməsin. Vəzifəni, hörmətini itirməyəsən. Sənin təmiz adın ailən üçün, qanuni nikahın üçün həmişə  nümunə olmalıdır.

Asim ailəsinin istəyi ilə Ağdamın kəndində yaşayan və dayısıgillə qonşu olan, ali təhsilli Zərifə ilə nişanlanır. Onların toyu bütün bölgəyə səs salır. Hər kəs “Raykom” katibi olan Asimin yetim bir qızla ailə qurmasından ağız dolusu danışır.

Bəli, Asim Könüllə və Zərifə ilə paralel ailə həyatı yaşayır. Fazil Sənan da bu paraleli o qədər diqqətlə oxucuya təqdim edir ki, şübhə yeri qalmır. İnanırsan ki, bu, reallıqdır və bu cür yaşam mümkündür. Romanın sonunda isə Zərifənin vəfatı imkan verir ki, Könüldən və Zərifədən doğulan övladlar bir-birilə qardaş-bacı olduqlarını öyrənsinlər. Onların bir-birini tanımasını zəruri edən fakt və hadisələr isə zamanın diqtəsi idi. Və onlar da bununla barışırlar.
Hətta Azadlıq meydanında başlayan hərəkatda da çiyin-çiyinə dayanırlar. Qarabağ uğrunda savaşda da canlarından keçirlər. Bu, Könülün, Zərifənin və Asim müəllimin onlara verdiyi tərbiyənin onlara aşıladığı vətən sevgisinin bəhrəsidir, nəticəsidir.
Mən bu roman barəsində təəssüratımı kağıza köçürəndə yazıçının peşəkarlığını, sözlə, ədəbi qəhrəmanlarla işləmək məharətini və qəhrəmanları təqdim etmək bacarığını qəbul etdim. Razılaşdım. Yəni Fazil Sənan məndə bu məqamda şübhə yeri qoymadı. Lakin onun Sovet dönəminin müəyyən nüanslarını, xüsusilə, vəzifədə olan xanımlarla bağlı ifadə etdiyi fikirlər müəyyən etiraza, hətta razılaşmamaya ipucu verdi. Çünki birlikdə yaşadığımız dövrün bütün mənzərəsi təkcə qara ləkələrdən ibarət deyil. Bunu müəllif özü də əsərində təqdim etdiyi “Raykom”un əvvəlki 1-ci katibi və sonraki 1-ci katibinin obrazında göstərib. Biri rüşvətxor, qadın düşkünü, talançı, digəri isə rayon üçün can yandıran, layiqli kadrları irəli çəkən, hətta suyu da üfürə-üfürə içən əsl layiqli rəhbər olubdur. Deməli, yazıçı dostum Fazil Sənan hardasa, təbii ki, mənə görə biraz ədalətsizliyə yol verib. Həm də romanın müəyyən məqamlarında bədii düşüncədən uzaqlaşaraq gerçək publisist düşüncəyə meyillənib. Yəni romanın bir-iki yerində əsərdə oçerk ruhu özünü göstərir.
Mən bu maraqlı romanı, ilk oxucu təəssüratını bir cümlə ilə belə ifadə edə bilərəm:
 Çəkisi və tutumu olan, oxucunu cəlb edən, dünənin yaşam havasını bu günə gətirən romandır. Oxuyan yorulmaz, əksinə, ləzzət alıb, düşünər və dincələr.