Ayaz Arabaçı - Nəyə əl atırıq düyünə düşür,

Ədəbiyyat 09:05 / 10.12.2025 Baxış sayı: 270

Nəyə əl atırıq düyünə düşür,

Nə var gördüyümüz işin içində.

Yalandan od tökür günəş səmadan,

Qalmışıq amansız qışın içində.

 

Sinəndə nə qədər dağ saxlayasan,

Kefini nə cürə çağ saxlayasan,

Bilmirsən haranı sağ saxlayasan.

Bu qədər qıcanmış dişin içində.

 

Yol yoxdu zülmətdən səhərə doğru,

Gedirik uğursuz səfərə doğru,

Yürümək çətindi zəfərə doğru,

Kəsəyin içində-daşın içində.

 

Hədəf kim olacaq hamı oxdusa,

Batacaq bu gəmi naşı çoxdusa,

Əgər nöqtə boyda ağıl yoxdusa,

Nə desən olacaq başın içində.

 

Ərşə bülənd oldu çəkdiyimiz ah,

Dəvə də daşımaz bu yükü vallah..

Hamıya ömürlük iş kəsib Allah,

Hamı həbs olunub yaşın içində..