Əbülfət Mədətoğlu : - Son nəfəs
Mənim kədərim də özüm kimidi -
Hərdən unudulub qalır bir küncdə...
Günüm də günlərin sarı simidi -
Fərqlənir o ancaq qalanda dincə!..
Nə qapı döyülür, nə telefon dinir
Hətta qulağım da cingildəmir heç...
Ümid pillə pillə aşağı yenir -
Baxıb köks ötürmə, yanımdan düz keç!
Düyünü çoxalır sözsüz ahların
Artır titrəyişi barmaqların da...
Yerin qoruyuram mən günahların -
Üzün köçürərək varaqlarımda...
Oxşarım kədərin halları çox vaxt
Çevrəmi qaçırır, bezdirir məndən!..
Sən , belə hallarda, özünü toxtat -
Bil ki, son nəfəs tək tutmuşam səndən!..