Bəhram Bilaloğlundan ÜÇ ŞEİR

Ədəbiyyat 08:55 / 13.04.2025 Baxış sayı: 2438

Kainat sirlərlə fırlanır daim,

Açılır səhərə iki gözümlə.

Sirlər xəzinəsi bərq vurur,Allah,

Açdığın bəsirət,şair sözümlə.

 

Vəsfim təkamüldən törəyir,indi.

Baxdım yaranışa, gözlərim dindi.

Eşqini dadanlar de-görüm,kimdi?

Haqsız adamlarla, rəzil dözümlə.

 

Məhəbbət bəxş edən,ruhu ovudan.

Nadanlar üzündən eşqdən soyudan.

Yusifin düşdüyü dərin quyudan-

Çıxmağa taqətim,var bu dizimlə?!

 

Neçə imtahanlar keçdik,ilahi.

Yaşatma bizlərə,bir də bu ahı.

Edilən ən xırda, kiçik günahı-

Yaz mənim əfvimə,çözüm özümlə.

 

***

Mən cövdət olsaydım,əgər,

Cənnət mənə dar olardı.

Güllər nədir,dünya belə,

Görcək məni xar olardı.

 

Məhv etdin sevgimi,bəşər.

Sevincim də oldu hədər.

Biixtiyar gələn bu, şər,

Görcək məni yar olardı.

 

Qədər nədir,onda bildim.

Kin görəndə qəlbdən sildim.

Qəmləndikcə şərə güldüm-

Görcək məni zar olardı.

 

Məkanımdan ötməz iman.

Dirçələrəm zaman-zaman.

Yetişərkən həmin o an,

Görcək məni var olardı.

***

Gəlişiniz fərəh verdi,

Səadətdən doymadım ki.

Tükənməyən sevgilərdən,

Mərifətdən doymadım ki.

 

İki gözüm, cənnətimsiz.

Eşq yolunda vəhdətimsiz.

Qürurumsuz, şöhrətimsiz.

Dürr,iffətdən doymadım ki.

 

Bihudə keçmədiz yoldan.

Əl yetirdiz,tutduz qoldan.

Çökəndə ruhum o, haldan-

Şərafətdən doymadım ki.

 

Fəsillər də,ötdü,keçdi.

Nəsillər də,ötdü,keçdi.

Nəs illər də bitdi,keçdi.

Bəraətdən doymadım ki.