Ayaz Arabaçı : - Lazımdır
Qızıl kimi günlər durub qabaqda,
Bəsdi daha misdən çıxmaq lazımdır.
Üzümüzü-gözümüzü qaraldan,
Bu tüstüdən, hisdən çıxmaq lazımdır.
Ömrümüzü yeyib-tökdü qayğılar,
Yoxa çıxdı gözümüzdən uyğular,
Bizi yaman çox aldatdı duyğular,
Toparlanıb hissdən çıxmaq lazımdır.
Turp əkdirdi başımızda hər naşı,
Çox ağlatdıq nalə çəkib dağ-daşı,
Dərman deyil yaralara göz yaşı,
Day, yağmurdan-sisdən çıxmaq lazımdır.
Üzümüzü hər yetənə danladıb,
Həyat bizə çox şeyləri anladıb,
Nə pisdirsə anasını ağladıb,
Birdəfəlik pisdən çıxmaq lazımdır.
Çox uyuma qucağında xülyanın,
Vaxt uçur ey, dur bir tərpət, dur, yanın,
Bu mənasız, bu vəfasız dünyanın,
Altdan girib, üstdən çıxmaq lazımdır.