Ayaz Arabaçı : - Başladı
Bir gözəl, bir həzin ömür yaşardım...
Sonsuz arzularla dolub-daşardım..
Bilsəm azdan-çoxdan hazırlaşardım,
Həyat imtahana fövrü başladı...
Bir yoldan gəlirdim qədimdən-qədim,
Saxladı köçümü qeyrəti xədim,
Gənclik illərində fikir vermədim,
Sonra da ürəyin cövrü başladı.
Doymadı cəlladlar tökdüyü qandan,
Yoruldum həyatdan, usandım candan,
Şəkər bir tərəfdən, təzyiq bir yandan,
Bir də əsəb boğdu, "nervi" başladı.
Sıxıldım bir ovuc ağ şanı kimi,
Acıyam avqustun yovşanı kimi,
Üstümdə təcrübə dovşanı kimi,
Hərə istədiyi tövrü başladı..
Bilmədim heç kimin toyuna keçdim,
Top kimi oyundan-oyuna keçdim,
Elmdən inəyə-qoyuna keçdim,
Təzədən Neolit dövrü başladı...