Arzu Əsəd : - Reallıq və həzz hissi arasında balans yarada bilməyənlər

YAZARLAR 16:20 / 27.03.2025 Baxış sayı: 936

vUşaq dondurma istəyir. Anası isə ya pulu olmadığına, ya da balasının səhhətini düşündüyünə görə "boğazın ağrıyar" deyib dondurma almır. Uşaq ərköyündürsə, ayaqlarını yerə çırpır, qışqırır, bağırır, özünü yerə sürtür, "al ki, al" deyir. Uşaq sakit və tərbiyəlidirsə küsür, qaşqabağını sallayır, danışmır, amma yenə dondurmanı istəyir. Bu istək digər şeylərə başı qarışana qədər onu tərk etmir, gecə yatanda isə yuxuda dondurma yediyini görür, psixikasındakı sıxılıb qalmış dondurma yemək istəyi, nəhayət, öz tətminini belə tapır. Uşaqların həyatı mürəkkəb olmadığına görə, böyüklərdən fərqli olaraq yuxuları da sadə, istəklərinə adekvat şəkillənir, yuxu təbiri tələb etmir.

Bunu Freyd REALLIQ və HƏZZ prinsipini aydınlaşdıranda nümunə gətirir. Böyüdükcə bir çox uşaq həyatın dolanbaclarında anlayır ki, yalnız həzz prinsipi ilə yaşamaq mümkün deyil, zərərlidir, xəstələndiricidir, öldürücüdür. Ona görə böyüklər daha çox reallıq hissi ilə yaşayırlar... Narkotik maddələr birbaşa beynin həzz mərkəzini işğal edib reallığın tam əksinə uçurduğuna görə narkomanlar ondan ayrıla bilməyib nəticədə həyatlarını məhv edirlər. Alkoqol şüurun strukturunu dəyişir, insanı bir müddət reallıqdan ayırır.

Ağıllı insanlar öz həyat təcrübələrindən çıxış edərək reallıq və həzz arasında bir balans yaratmaq istəyirlər...Sosial şəbəkələr virtual aləm olduğuna görə reallıqdan çox yuxuya yaxındır. Biz burada HƏZZ prinsipi ilə daha çox hökmən o dondurmanı yemək istəyən, anası almadıqda ayaqlarını yerə bərkdən çırpıb çığıran ərköyün və ya sadəcə küsən tərbiyəli uşaqlar kimi istəklərimizin tətmin olduğu yuxuları yaradırıq. Yuxularımıza mane olanda əsəbləşirik, tərbiyəliyiksə ağıllı sözlərlə, ərköyünüksə söyüşlə, təhqirlə oponentimizi susdururuq. Bizə qarşı çıxan "əclafları", "xainləri", "iyrəncləri" ya susdurur ya da bloklayıb "cəhənnəmə vasil ediriik". Biz yuxumuzun ardını görməliyik. Biz o dondurmanı yuxuda da olsa hökmən yeməliyik.

Biz... reallıq və həzz hissi arasında balans yarada bilməyən saqqallı uşaqlarıq. Freyd nə qanır ki? İnsan sadəcə yaşa dolur, böyümür