Ağamir Cavad : - ŞEİR OXUNANDA
Şeir oxunanda sakit dayanın,
Həyatda olmayın eşqsiz, ürəksiz.
Ay kimi, su kimi nura boyanın,
Allahın nəfəsin hiss edəcəksiz.
Ahəngi, çəkisi eşqlə gəlir tən,
Şeir bir dünyadır, küysüz, kələksiz.
İnsanın ruhunu gözəlləşdirən
Göylərin nəğməsin dinləyəcəksiz,
Bülbülün gül üstə qanıdır şeir,
İlahi həsrətə çəkilən ahdır.
Namaztək ibadət anıdır şeir,
Şeiri yarıda kəsmək günahdır
Xoş sözlə doğulur sevgi, səadət,
Xoşbəxtlik iksiri sözün xasıdır.
Şeir gözəllikdir, şeir ibarət,
Şairin Allaha eşq duasıdır.
Təbiət şeirini sevgiylə yazır,
Sözdür haqq mizanın eyləyən taraz.
Şeir dinləyəndə Allah da susur,
Gözəllik görəndə məsr olur bir az.
Göylər sevgi ilə işıq toxuyur,
Eşqsiz keçən an ömrü dənləyir.
Allah da hər səhər şeir oxuyur,
Allah da hər axşam şeir dinləyir.
Bu həyat şeirdir, bu ömür şeir,
Sözə eşq qatanda qaynayar qanın.
Şeir oxuyuram, gözəl bir şeir,
Siz Allah, bir azca sakit dayanın.