Ağamir Cavad : - BU QAPI

Haqqın eşq qapısın açıb gedirəm,
Məlumdur, məchuldur, yoldur bu qapı.
Üzümün nurunu saçıb gedirəm,
Bəxtimə açılmış faldır bu qapı.
Bu dünya, bu həyət bir eşq nağılı,
Sehriylə, sirriylə aparır ağlı.
Kiminə açıqdır, kiminə bağlı,
İlkin başlanğıcdır, "Ol"dur bu qapı.
İlahi sirr yatır hər ötən səsdə,
Atəşi, yanğısı durubdu qəsdə.
Yanmış aşiqlərin məzarı üstə,
Qaralmış bir ovuc küldür bu qapı.
Səmanın qəlbində görünən izdir,
Su kimi durudur, safdır, təmizdir.
Torpaqdır, səmadır, dağdır, dənizdir,
Vətəndir, millətdir, eldir bu qapı.
Bətnində bir dünya ümid bitirən,
Hər duyan ürəkdən sevgi götürən,
Aşiqə Məşuqdan xəbər gətirən
Səba küləyidir, yeldir bu qapı.
Dəryadan dərindir, dağdan ucadır,
Dilbilməz cavandır, müdrik qocadır.
Cavabı açılmaz bir tapmacadır,
Sirrini danışmaz, laldır bu qapı.
Dağların başında çəndir, dumandır,
Haqqın mizanında dindir, imandır.
Sadə könüllərdə gəzən gümandır,
Şübhəli qəlblərdə xaldı bu qapı.
Vicdan işığında ağaran üzdür,
Kül altda qor qalıb qorunan közdür.
Qəlbləri fəth edən qanadlı sözdür,
Göylərlə danışan dildir bu qapı.
Dilin ucundadır sözün vicdanı,
Eşqidir ucaldan daim insanı.
Ətri, rayihəsi tutub dünyanı,
Aləmi məst edən güldür bu qapı.
İlahi eşq ilə açılan kitab,
Yaxşını yamandan seçən haqq-hesab.
Sözlərin üzünə çəkilən niqab,
Gözəllər əynində tüldür bu qapı.
Haqqın qüdrətiylə işıqlanır dan,
İlahi sevgidən güc alır insan.
Dünəndən sabaha işıq daşıyan
Zaman axınında seldir bu qapı.
19. 04. 2025