Ağaevli Əli Hacı : - Dünya gündəliyindən...

Axdıqca – yolu durulmağdı suların,
İçimdəki ağrılardan çölə çıxdım !
Adam şəkliylə bəzəyib yolları
yeriyirdim üstündən içimdəki ağrıların,
yeyirdim zamanın rəng-rəng payını ,
dünya bu çölün içindən üzə çıxırdı !
Səs var idi səssizliyin içində
Tanrının nəfəsi gəlirdi !
Hamı yolun içinə öz süfrəsini salmışdı,
hamı yeməyə öz nəfəsini gətirmişdi !
çadır-çadır qurulurdum,
çay-çay durulurdum,
yol-yol yeriyirdim !
Adam gördükcə durulurdu dünya,
Adam-adam qurulurdu dünya !
İlahi !
Ruhum lüt görünməsin deyə
tikdiyin bu ət bədənin
göy üzünə yuyub kirini
çöldə içimin ipindən asdım !
Quruldum,yeridim,duruldum,
Yuyuldum İlahi !
Səssizliyin içindən gələn səsin-
İçindən asıldım !