Xatirə Rəhimbəyli -  Ürəyim sızlayır səsindən ötrü,

Ədəbiyyat 08:03 / 18.09.2025 Baxış sayı: 1745

Ürəyim sızlayır səsindən ötrü,

sözünün acısı eynimə gəlməz.

Səsin də dünyanın keyfinə gedir –

bircə yol hərlənib bu qəmə gəlməz.

 

Hər sabah çarmıxa çəkilər ahım,

"Ən-əl-sən" demişəm, bumu günahım?!

Adına bir ölkə qurmuşam, şahım!

Bəs nədən…

insafın ölkəmə gəlməz?!

 

Yıxıb inancları, danıb dinləri,

sevginin canına saldın cinləri.

Ruhumun o xilas göyərçinləri

nə çağrışa baxmaz, nə dənə gəlməz.

 

Adına doğulub sevgim,

hər nəsə…

Ürək sına-sına, dil əsə-əsə...

Bu dəfə sevdiyi rəhmə gəlməsə,

bu can bu cahana...

eh, yenə gəlməz.