Xanım İsmayılqızı : - Kilsənin zəngindən səpələnir

Ədəbiyyat 08:50 / 22.08.2025 Baxış sayı: 2896

Kilsənin zəngindən səpələnir

rahatlığın lələkləri,

Qarasaç, qaragöz bəşər qızının nəğməsi

dünyanın dilini saf rəngdə anladır.

Ördəklər çayın axınına üfürür nəfəsini.

Quşlar təmənnasız oxuyur.

Yay payıza nikahlanıb,

Payızdan havalanıb.

Bir-birindən küsgün rənglər belə

güllərin ləçəyində barışıb.

Hamı adama oxşayır.

Həyata bənzəyir gözümə çəkilən şəkil.

Allah ən sevdiyi gündə yaradıb yaratdığını.

Körpə küçələr - ləkəsiz,

Sehrli evlər - böyük sevgili,

Tanış döngələr - yupyumru,

Yumşaq ağaclar - şahanə,

Məxmər yamaclar - pıçıltıyla

dünyamızı sığallamağa məşğuldur.

Bu aləmin ürəyi doludur...

Bu keçmiş nağılın üzü suludur...

2016. Karlovı Varı.