Saqif Qaratorpaq : - Getmək asan olmur...
Getmək asan olmur,
gərək getməyə yol olsun,
dönməyə üz.
Getdinsə,içindən qırılır sevdiklərin,
saxsı küzə kimi,
sonra
nə qədər yamasan da su saxlamır...
Damır...
Gedənlər adamı itkilərə kökləyir...
Ürəyi qəm təkləyir,
bir ömür.
Getdiyin yollar
geri qaytarmır adamı,
Sən dost bilirsən,
düşmən çıxır amma.
Yavaş-yavaş çıxır axırına...
Getmək asan deyil,
ancaq
nə vaxt istəsən getməyə yol var,
gedəni saxlamaz yollar...