Rəfail Tağızadə - Payız sevdası

Ədəbiyyat 09:50 / 08.10.2025 Baxış sayı: 2901

 

Əllərim əlinə yapışıb qalıb,

üzümmü üzündən baxışlarımı?

İlmələr könlümə köçürür yenə,

gözümə çəkdiyim naxışlarını.

 

Fəsillər ötüşür, illər dəyişir,

bu yumşaq payızda bahar havası.

Ümidlə gözlərə dikilən baxış,

oyadır qəlblərdə payız sevdası.

 

Yaman sevinirsən, nəşəli könül,

payızda gül açan ağaclar kimi.

Üstünə qaçırsan bu son sevdanın

alova həsrətli ocaqlar kimi.

 

Ömrün arzuları bahar kimidi,

rəngbərəng çalarlar gətirir üzə.

Dəli könlümüzü oxşayan payız

təzədən sevməyi öyrədir bizə.