Rafail Inceyurd Ismayilov ·- Sözün doğrusu...
Bəlkə də səbrinə güvəncimdi bu,
İncimə sən allah, sevdiyim qadın.
Biryolluq anla ki, Allahdan sonra
Hər gün sığındığım son yerdi adın.
Ərkəsöyünlüyüm hikkələnəndə,
Başıma dəyənlər dilimdən düşür.
Bəlkə də nəyinsə əlamətidi,
Söz var ki, qəflətən “əlimdən düşür”.
Kim deyir yalanım-yanlışım olmur?
Hərdənbir adamı şeytan aldadır.
Ancaq elə yeri var ki, küsməyin
O da şirin olur, o da bal dadır.
Qəfil bulud kimi qaralan hirsim
Sellənib yolumu çox bələyibdi.
Nə vaxtsa gözündə oynayan damla
Nə vaxtsa içimi çat eləyibdi.
Onu bilirəm ki, sən də bilirsən
Qəlbimin dərində təmizliyini,
Ruhumun göylərdə ənginliyini,
Eşqimin yerlərdə dənizliyini.
Saçın bəyazlığı üz ağlığına
Gör neçə ahıldan, körpədən keçib.
Hər balam, hər nəvəm gözəl ömrünə
“Ana”, “nənə” adlı körpüdən keçib.
Canımı sıxanda hər yerin küyü
Səndə axtarıram İncə Dərəmi.
Məramım, məqamım, məkanım qadın,
Səni bilə-bilə incidərəmmi?
20.09.25