Möhtəşəm gün

YAZARLAR 09:36 / 08.11.2024 Baxış sayı: 1666

Çoxdan yazmışam Qələbə günü həsrətiylə-Möhtəşəm gün

Şəhidlərin məzarından doğum-ölüm tarixini pozaydıq kaş.

əvəzində tək bircə gün- qələbənin tarixini yazaydıq kaş.

Qələbənin bayram günü-Zəfər günü,

Vətən üçün, torpaq üçün ölənlərin bayramısan,

şad günüsən-Şəhidlərin ad günüsən.

Nə böyükdü həqiqətin,nə gözəldi səadətin!

Necə,necə möhtəşəmsən!

Bacarsaydım sənə heykəl qoyardım mən.

Sonra hər gün qürur ilə önündəcə diz çökərdim,

baş əyərdim, əyildikcə ucalardım! Ucaldıqca öyünərdim.

Hamı ilə birgə mən də sevinərdim.

Qələbənin bayram günü! Uşaqlıqdan çox sevirəm mən bu günü.

Həqiqəti müqəddəsdi!

Səadəti müqəddəsdi!

Çünki adı "Qələbə”di.

Deməyin ki,ömrümüzdə bayram çoxdu,

Qələbənin bayramının tayı yoxdu.

Nə qədər bayram eləsək,hansı günə bayram desək puçdu, vallah,

qələbənin bayram günü yoxsa əgər ömrümüzdə

bu bayramlar heçdi, vallah.

Qələbənin bayram günü-Zəfər günüm,

nə gözəldi həqiqətin, nə gözəldi səadətin.

Nə olaydı bu həqiqət,bu səadət torpağımda yaşayaydı.

Çadırlarda ana olan gəlinlərim övladına deməyə bir söz tapaydı.

"məğlub”,”işğal,faciə”di fərqi nədi hansı ayın neçəsidi,

bu günlərin adı nədi?Bu günləri unudaydı.

Çadırlarda ayaq açan körpələrim

bu günlərdən heç xəbər də tutmayaydı.

Nə olaydı bu körpələr

Qələbənin bayram günü

bəzənəydi,düzənəydi,hamı xoşbəxt görünəydi.

Odlar yurdum,ulu torpaq,od-alova dönəcəyik,qisasını alacayıq.

Lap tarixin özünü də mat qoyaraq bu günləri yaddaşından siləcəyik.

Ana yurdum ,ulu torpaq bir gün sən də

rahat-rahat nəfəs alıb öyünərsən, sevinərsən,Sənin ilə birgə mən də sevinərəm.

Hamınıza qələbə sevinci yaşamaq arzusuyla KAMALƏ ABİYEVA.