Kamal Abdulla akademik, xalq yazıçısı : - Qarabağ havası

YAZARLAR 11:36 / 04.12.2023 Baxış sayı: 2664

 

Torpağın məhsulu təkcə meşələr, çöllər, çiçəklər deyil, həm də insanlardır. İnsanlar da doğulduğu, boy atdığı, yaşadığı torpağın rənginə, ahənginə, ab-havasına köklənir. Doğma yerlərin küləkləri kimi əsir, istiliyi vətən günəşinin şəfəqlərinin təsirindən güc alır, coşub-daşan xisləti, xüsusiyyəti, dəli-dolu, yaxud həlim, sakit xasiyyəti doğma təbiətin ritminə uyğun olur. Yaradıcı insanlar da istisnalıq təşkil etmir, deyərdim, əksinə, daha çox adekvatlıq nümayiş etdirirlər. Torpağın, yerin-yurdun ahəngini təkcə şəxsiyyətlərində deyil, həm də yaradıcılıqlarında, yazdıqları əsərlərdə, qələmə aldıqları bədii nümunələrdə yaşadırlar. Əbülfət Mədətoğlu da belə insanlardan biridir. Onun şeirləri Qarabağ havasında köklənib, Qarabağ ruhundan maya tutub. Bu şeirlərdə Qarabağın əvəzsiz rəngarəng təbii gözəlliyindən tutmuş başıbəlalı (lakin qəhrəman) tarixi keçmişinə, mübarizəsinə, döyüşlərinə, qələbə və məğlubiyyətlərinə qədər hər şey öz boy-biçimində görünür. Bədii obrazlar, bənzətmələr, təşbeh və istiarələr, canlı insan xatirələri bu havada köklənir, bu ruhda səslənir.

Əbülfətin şeirləri uzaq və qədim xatirat kimi kövrək və şirindir. Eləcə, şeirlərinin əksəriyyəti də xatirə və xatırlamadan ibarətdir. Onun misraları uzaq üfüqlərdən sayrışan köhnə xatirələr fonunda adama təzə hisslər bəxş edir. Bu, şairin yerlə göy arasında əlləşmələrini, vurnuxmalarını, bəzən də özünüaxtarışını təlqin edir. Hər bir halda, bu xatirə dolu yaddaş şirindir. Şirin olduğu qədər kədərli, kədərli olduğu qədər doğma, doğma olduğu qədər düşündürücüdür. İnsan, adətən, ahıllığında ötənlərlə daha çox yaşayır, xatirələrə cumur. Əbülfət isə əzəl gündən, lap cavan çağlarından xatirələrlə boy atıb, sanki xatirələrlə doğulub, xatirələrlə nəfəs alıb, ətə-qana xatirələrlə dolub. Xatirə onun ruhi vəziyyətidir, mənəvi tarazlığını qoruyub saxlayan həsb-halıdır. O, xatirələrlə yaxşı aşıyan olur, onlarla dialoqa girir, əhval-pürsanlıq edir, uğurlu-uğursuz günlərinin hesabını çəkir, bir sözlə, doğma yaşantılara yeni bir doğmalıq qatır, bütün bunları poetik örtük altından boylanan müqəddəs hisslərə bələyir. Şair yuxusunda da xatirələrlə yaşayır, yaddaşında daim xatirələr cücərdir. Bu cücərtilər dünənlə bu gün arasındakı dialoqa daha çox bənzəyir.

Yenə dünənimə üz tutub gedim,

Gedim dünənimin ilməsin söküm…

Özümü özümlə mən məşğul edim –

Dərib göz yaşımı üzümə töküm…

Yaxud:

Məndən bezənəcən qalım dünəndə,

Sükut da mən olum, elə dünən də!

Mənim dodaq yerim sənin sinəndə –

Olsun sevgimizə yazılmış hökm!

Onun təklik, tənhalıq, sevgi, həsrət şeirləri etiraf üzərində qurulub. Şeir, eləcə, özü də etiraf deyilmi? İnsanın özünün özünə etirafı… Duyğuların, bakir, müqəddəs hisslərin etirafı… Kədərin, dərdin etirafı… Bu etiraflarda şair ömrü varaq-varaq çözələnir, həyatının fəlsəfi məqamları canlanır, hissi-emosional dünyası qabarır. Bu etiraflarda insan-şair mübarizə aparır, döyüşür, ruhunu əzablar içindən xilas yollarını arayır, dünənin olaylarından sabaha, gələcəyə boylanır və özünün mənəvi qurtuluşuna can atır. Bu məqamlarda (misralarda) şair paklanır, təmizlənir, dünyaya və özünə yeni gözlə baxır. Bu etiraflar qaçqınlıq ağrısını yaşayan, vətəndə vətənsiz olan şairi ayaqda saxlayır, dərdin əlindən alıb yeni bir dünyaya qovuşdurur, yaşam tərzinə stimul yaradır. Bu dünya nə qədər çətin, ağrılı olsa da sevgi ünvanlıdır, nikbinlik gətirən bir aləmdir. Əbülfət Mədətoğlu bu dünyanı sevir, onun ağrı-acısını etiraf etsə də sevincini də yaşamağa tələsir. Bu, onun sevgi şeirlərində daha çox üzə çıxır, həyat eşqi, ömürdən gözləntilər, ümidlər, arzular poetik sözün cövhərindən, içindən, dərin qatlarından, mayasından boylanır.

Məni “ahı”na tapşır,

Son günahına tapşır,

Uzaq uzaq tutacaq

Sən lap yaxına tapşır –

Üzünü görə bilim.

Əbülfətin şeirlərinin əksəriyyəti kədərlə yoğrulub, qəmə-qüssəyə bələnib. Məgər, şeir eləcə, insan qəmindən, kədərindən su içib göyərmirmi? Dərddir, insan içində çağlayıb şeir şəklində üzə vuran. Kədərdir, insan qəlbindən boy göstərib sətirlər üzərində kölgələnən. Kefdən, damaqdan, çal-çağırdan şeir yazan olubmu? M.Füzuli özü boyda ah deyildirmi? “Toy-bayramdır bu dünyanın əzabı” - deyən M.P.Vaqif eləcə həmin şeirində dünyanın dərd-sərini qabartmırmı? Misalları saydıqca uzanar. Əbülfət Mədətoğlunun şeirləri də qəmdən, kədərdən, ələmdən su içib. Üstəlik insan özü də dağ boyda dərd daşıyıcısı ola – Əbülfət Mədətoğlu kimi. O, illər boyunca vətən, yurd, torpaq, Qarabağ deyib lələyib. Qarabağ həsrəti, Tuğ kəndinin qövrü, illərdi onun doğma, əziz kədəri kimi qəlbində yaşayıb. Tuğun, o gözəl diyarın çətirli meşələri, ətirli çöl-çəməni, geniş düzləri, ucu-bucağı görünməyən yaşıl talaları bu illər boyunca Əbülfətin nigaran yuxularına çevrilməyibmi? Çevrilib! Özü də necə? Poetik vüsətlə, şeir şövqü, ədəbi istəklə. Əbülfətin Qarabağsız günləri onun poetik dünyasının baş abzası olub, əbədi mübtədasına və xəbərinə çevrilib. Qarabağ adı onun cümləsinin, sözünün emosional cazibə mərkəzi kimi pərvaz edib. Bu hiss Əbülfətin özünü də xaraktercə çox dəyişib, kədər adamına çevrilib, xasiyyətcə həlimləşdirib, daim düşünən, dünyanı kədərli baxışlarla süzən, ondan daim nicat uman bir insan kimi yaşadıb. Əbülfətin kədərli baxışları dünyadan da, insanlardan da daim nəsə umub, nəsə gözləyib. Torpaqların, Qarabağın qaytarılmasını təmənna edib (Bu baxışlar, bu ruhi və mənəvi əndişələr, məgər hər bir qaçqın üçün səciyyəvi deyilmi?). Vətənin azadlığını diləyə çevirən şair bunu böyük dərd və giley kimi şeir diliyə belə söyləyib:

Tumurcuğu çırtlamış –

Təzə dərdim – tər dərdim!

Mən səni şehli-şehli –

Təzə dərdim – tər dərdim!

Sarıldın sən də mənə…

Eşq vardı səndə mənə

Titrəmə, səndələmə –

Sən də məni dər, dərdim!

Qarışaq, sirdaş olaq

Bir divar – bir daş olaq…

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər dərdim!

Göründüyü kimi şairin dərdi ötəri, keçici hiss deyil, qlobal, dərin məzmunlu, ağır yüklü bir kədərdir. Bu kədər, heç şübhəsiz, vətən həsrəti, vətən niskili, torpaq arzusundan qaynaqlanır. Bir gözəl qızın alma yanağı, qara qaş-gözü üçün bu qədər dərin kədər sərgiləmək, bu qədər təsirli hissi həyəcan keçirmək, bu qədər qüssə dolu “göz yaşı axıtmaq” olmaz (üstəlik indiki zamanda). Belə qlobal, dərin və ağrılı kədərin ünvanı, yalnız vətən, yalnız Qarabağ ola bilər. O, bunu publisistik düşüncələrində də etiraf edir. Şair yazır: “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınçılığı götürək. Qaçqına bütün ürəyini də, bütün maddi sərvətini də bağışlaşan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı, sadəcə, diqqətdi… Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki təki, yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri gülləlnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki məni qarşılayan onlar idi”.

Əbülfətin sevgi şeirləri də seçilən, fərqlənən, qələm yoldaşlarının yazdığı nümunələrə, müəyyən mənada, paradoksal olan cəhətləri ilə yadda qalır. Bu nümunələrdə də qəm, kədər, lirik qəhrəmanın şübhə dolu təlaşları, əndişələri, çabaları dominantlıq edir. O, bu şeirlərdə ürəkdən sevən bir aşiqdir, məhəbbəti yolunda bir fədakadır. Amma qarşı tərəfdən, onun sevgi cavabından, reaksiyasından şübhəli və nigarandır. Öz eşqinə böyük inam bəsləyən, yenilməz məhəbbətinə güvənən, onu aləmə car çəkən, dünyaya bəyan eləyən şair – Əbülfət Mədətoğlu sevgisini zamana və taleyə əmanət edir:

O, mənim həyatımda,

Günümdə, anımdadı…

Atdığım hər addımda –

Damarda qanımdadır…

İçimdəki səsdi O,

Aldığım nəfəsdi O…

Sabaha həvəsdi O –

Ruhumda, canımdadı!

Nəşəmdi, ahımdı O…

Sevgim, günahımdı O…

Yerdə Allahımdı O –

Ölüncə yanımdadı…

Yaxud:

Söylə görüm, nə çin olub,

Olubsa, bəs neyçün olub?

Ürəyim ki, elçin olub,

Özgə kimi göndərəydim?

Söz birbaşa deyilmir, fəlsəfi çərçivəsində, dolayı və obrazlı söylənir. Obrazlı düşüncə tərzi bu mücərrəd, gizli, sirli ahəng içində öz müstəqimliyini tapır.

Əbülfət həm də ruh adamıdır. Bütün şairlər kimi o da ruhun sirli-soraqlı təcəllasından yazır. Şairlik özü də öz-özlüyündə bir ruh hadisəsidir, hissi-emosional ovqatdır. Lakin ruhi həyəcanı birbaşa poetik predmetə çevirmək, bu, artıq insan hisslərinin qeyri-adi təzahürü, son dərəcə həssas, duyğulu münasibətidir. Ruhi təbəddülatları insan duyğularının sakral bir fenomeni kimi qələmə almaq, poetik dillə canlandırmaq Əbülfətin yaradıcılığında təbii təlabat kimi qaynaqlanır. Bu ruh maddi bədəndən xaric olmuş, mələklər aləmmində qərar tutmuş ruh deyil. Dünyada, əksinə, təkcə bədənləri ilə qərar tutmuş insanlar da yox deyil. Onların ruhları çoxdan uçub getmişdir. “Filankəsin ruhu ölmüşdür” – ifadəsi təsadüfən yaranmamışdır. Əsl ruhi oyanış, ayıq ruhi halət insanın yaşam tərzində, onun həyata ayıq baxışlarında, fədakar, mübariz fəaliyyətində özünü göstərir. Ruh bədəni, bədən də ruhu kökləyir. Əbülfətin şeirlərində bu iki tandem bir-birini cilalayır, tamamlayır və rövnəqləndirir. Onun Tanrıya müraciətləri bu mənada səciyyəvidir:

Allahım, üzümdəki qan,

Quruyur gözüm dibitək…

Sənindi bu sevdalı can –

Alıb götür, özünə çək!

Yaxud:

Pərdəsin qaldırıb cismin

Ruhumun gözünə baxdım.

Kirpiyində damla idim –

Yanağın aşağı axdım…

Əbülfət Mədətoğlu eyni zamanda istedadlı publisist, səriştəli qəzetçi kimi də respublikanın ədəbi ictimaiyyətinə yaxşı tanışdı. O, “Ədalət” qəzetinin baş redaktor müavinidir. Redaksiyanın əsas ağırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Məhsuldar və operativ jurnalist olaraq qəzetin hər nömrəsində onun ədəbi-tənqidi, analitik və publisistik yazılarına rast gəlmək olar. Lirik, duyğulu keyfiyyətlərlə zəngin olan bu məqalələr Əbülfətin yeni təyinatı kimi üzə çıxır. Mən onun “Ədalət” qəzetində müntəzəm işıq üzü görən tarixi keçmişimiz haqqında, Azərbaycanın arxeologiyası və toponimikasına dair yazılarını xüsusi qeyd etmək istəyirəm. Bu yazılarda həm də qeyrətli bir vətən oğlunun vətənpərvər qəlbi döyünür.

Əbülfət Mədətoğlu özünə oxşayan şairdir. Bir az sakit, bir az mülayim, lakin daxilən coşğun, çılğın və üsyankardır. Bu təzadlar onun həyat fəlsəfəsindən süzülüb gəlir və yaradıcılığının əsas aparıcı ideya istiqaməti, bədii-estetik silqəti kimi üzə çıxır. Bu gün şanlı ordumuz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarını işğaldan azad etmiş, 30 illik yurd həsrətinə son qoymuşdur. İndi hər bir qaçqın kimi Əbülfət Mədətoğlu da öz doğma yurduna, Qarabağımızın dilbər guşəsi olan Tuğ kəndinə alnı açıq, üzüağlıqla səfərlər edir. Sevindirici, qürurverici hisslərlə doğma torpaqda addımlayır… Ancaq, o köhnə niskilləri yenə də yaşada-yaşada… Zamanın ömürdən aldığı otuz ilin kədərini Əbülfət bu gün də yaşadır, şeirlərində poetik lövhələrə, publisistikasında tarixin yaddaşına çevirir. Bu da keçib gedəcək. İllər yaraları sağaltmaqda mahirdir. Sağlıq olsun. Gələcəyin nikbin ovqatı bu kədər notlarını da silib aparacaq.