"  Belarusla Azərbaycan arasında sağlam münasibətlər tarixin sınaqlarından çıxıb" - Tahir Rzayev, millət  vəkili

SİYASƏT 20:50 / 17.05.2024 Baxış sayı: 3278

 

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir, inkişaf edir.” Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri və səfər zamanı imzalanan bir çox əhəmiyyətli sənədlər, dövlətimizin inkişafı ilə bağlı səsləndirilən fikirlər bunu bir daha təsdiqlədi.

“Belarusla Azərbaycan arasında sağlam münasibətlər tarixin sınaqlarından çıxmış və A.Lukaşenko ən çətin anlarda dövlətimizin yanında olduğunu nümayiş etdirərək, Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək vermişdir. Dövlətimizin rəhbəri mətbuata bəyanatında bildirmişdir: “Aparılan danışıqlar-təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı-gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik”.

Səfər zamanı iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi-sənaye, nəqliyyat, turizm, iqtisadiyyat sahələri ilə əlaqədar sənədlərin imzalanması gələcək inkişafa yeni yollar açır. Səfər zamanı Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələr qürurvericidir. O, qardaş xalqlar arasında dərin hörmət və münasibətləri yüksək qiymətləndirərək demişdir: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq deyil. Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

Hər iki ölkə rəhbəri Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq, bərpa, təmir-tikinti işlərinə diqqəti cəlb etməklə həmin işlərin daha da sürətləndirləcəyinə ümidvar olduqlarını bildirdilər. Azərbaycan Prezidenti qeyd etdi: “Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm”.

Belarus Prezidentinin Azərbaycana səfəri hər iki dövlətin milli maraqlarına uyğundur, gələcək inkişaf və təhlükəsizlik üçün bir zəmanət olmaqla, dünyada sülhün, əmin-amanlığın bərpa olunmasına xidmət edir”, - deyə Tahir Rzayev bildirib.